Avqustun 15-dən "Nizami" və "28 May" stansiyaları arasında fəaliyyət göstərəcək əlavə avtobuslar ödənişli olacaq.
Oxu.Az-ın məlumatına görə, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, avtobuslar arasında interval 5 dəqiqə olacaq: "Bu stansiyalar arasında 6 ekspres avtobus fəaliyyət göstərəcək. Bununla sərnişinlərə metrodan istifadə etmədən şəhərin bir nöqtəsindən digərinə, yəni əsas axın istiqamətləri üzrə hərəkət etmək imkanı yaradılacaq.
İlk baxışda "28 May" - "Nizami" stansiyaları arasında avtobus əlaqəsinin yaradılması asan görünür. Lakin məlumdur ki, bir metro qatarı 1 600 sərnişin daşıyır. İntervallar bütün nəqliyyat növləri arasında mövcud ən minimal həddədir. Yəni "İçərişəhər" - "Həzi Aslanov" istiqamətini götürsək, 2 dəqiqə 30 saniyədən bir qatar daxil olur və avtobusların intervalının isə 5 dəqiqədən az etmək mümkün olmadığını nəzərə alsaq, bu təxminən 40-a yaxın 80 nəfərlik avtobus deməkdir".