"Ailədə təmkinli, ağır təbiətli idi. Uşaqla uşaq, böyüklə böyük olmağı bacarırdı. Dərin savadı vardı, ailə dəyərlərinə çox bağlı, sədaqətli həyat yoldaşı, qayğıkeş övlad və övladları üçün əsl ata idi. Onun yoxluğu hər gün hiss olunur, amma biz onun adı ilə hər zaman qürur duyuruq".
Oxu.Az xəbər verir ki, bunu Modern.az-ın "Şəhiddən qalan son foto" rubrikasında söhbət zamanı Vətən müharibəsinin qəhrəmanlarından olan polkovnik-leytenant Soltan Akif oğlu Məmmədovun bacısı Tərifə Məmmədova deyib.
Bəzən bir şəkil uzun-uzadı yazılmış xatirələrdən daha çox söz deyir. Soltan Məmmədovun döyüş bölgəsində çəkilmiş bu son fotosu da məhz belə kadrlardandır. Ayağındakı sarğıya, üzündəki yorğunluğa baxmayaraq simasında qətiyyət, duruşunda isə sonadək mübarizə əzmi hiss olunur. Bu foto da onun xidmət yolunun, Vətən sevgisinin və zabit məsuliyyətinin sanki bir kadrda əks olunan tarixidir.
Şəhidin bacısı Tərifə Məmmədova deyir ki, qardaşından qalan hər bir şəkil ailələri üçün sadəcə bir xatirə deyil, onun həyat amalını, Vətən sevgisini və xarakterini yaşadan ən qiymətli yadigardır:

"Bu şəkil qardaşımın Vətən uğrunda göstərdiyi fədakarlığın ən canlı sübutudur. Hər dəfə ona baxanda qəlbimdə həm dərin kədər, həm də böyük qürur hissi yaranır. Soltan təkcə komandir deyildi. O, əsgərləri üçün doğma qardaş, səmimi dost idi. Ağır şəraitdə, dağlıq ərazidə, ayağındakı sarğıya baxmayaraq döyüş tapşırıqlarını yerinə yetirməyə davam edirdi. Bu, onun necə güclü iradəyə malik insan olduğunu göstərirdi. Soltan üçün Vətən torpağı hər şeydən üstün idi. Son fotosu da onun cəsurluğunu, Vətənə sonsuz sevgisini və bizə qoyduğu ən qiymətli əmanəti əks etdirir".
Şəhidin xidmət yoldaşları da Soltan Məmmədovu nümunəvi zabit kimi xatırlayırlar. Onların sözlərinə görə, S.Məmmədov tabeliyindəki şəxsi heyətə qarşı həm ciddi və tələbkar olur, həm də hər bir əsgərinə ata qayğısı ilə yanaşırdı. Döyüş hazırlığı ilə yanaşı, əsgərlərinin mənəvi-psixoloji vəziyyəti ilə də yaxından maraqlanır, ən çətin məqamlarda onları tək buraxmırdı. Məhz buna görə onunla çiyin-çiyinə xidmət edənlər Soltan Məmmədovu güvən yeri, arxa-dayaq və əsl bir komandir kimi xatırlayırlar.
Soltan Məmmədov 1981-ci il iyulun 21-də Yevlax rayonunun Səmədabad kəndində anadan olub. Cəmşid Naxçıvanski adına Hərbi liseydə və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2003-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edib, Tovuz, Naxçıvan və Tərtərdə müxtəlif vəzifələrində xidmət edib. Qüsursuz xidmət göstərib, son olaraq Tərtərdə tabor komandiri vəzifəsini icra edib. Ailəli idi, üç övladı yadigar qalıb.
Azərbaycan Ordusunun polkovnik-leytenantı Soltan Məmmədov 2020-ci il Vətən müharibəsində Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak edib və oktyabrın 10-da şəhid olub. O, Yevlax şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.
Şəhid Soltan Məmmədov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.