Baku TV-nin "O vaxtlar" verilişinin budəfəki qonağı Novxanı sakini Lalə Abuzərova olub.
Ailə qurmasından danışan Lalə Abuzərova bildirib ki, əvvəlcə həyat yoldaşını bəyənməsə də, ailəsinin təkidi ilə bu evliliyə razı olub və sonradan bu qərardan heç vaxt peşman olmayıb:
"Nə yaxşı ki, məni zorla ərə veriblər. O vaxt nənəmin dediklərinin nə qədər doğru olduğunu sonradan başa düşdüm. Ailə qurandan sonra gördüm ki, həyat yoldaşım ailəsinə sədaqətli, etibarlı insandır".
Qayınana-gəlin münasibətlərinə toxunan Lalə Abuzərova qeyd edib ki, valideynlər gənc ailələrin şəxsi həyatına müdaxilə etməməlidirlər. Onun sözlərinə görə, ailələrin dağılmasının əsas səbəblərindən biri də yaxın qohumların münasibətlərə qarışmasıdır:
"Baldızın nə ixtiyarı var ki, gəlinin evini yıxsın? Heç kimin gənc ailənin işinə qarışmağa haqqı yoxdur. Ana-ata da buna imkan verməməlidir".
Novxanı sakini keçmişlə müqayisədə bu gün qadınların daha rahat həyat sürdüyünü də vurğulayıb: "İndi qadın olmaq asandır. Bizim dövrümüzün öz qaydaları var idi, qadınlar da onlara uyğun yaşayırdılar. İndi isə zaman dəyişib. Gənclərin həyatına qarışmaq, onlara qadağalar qoymaq düzgün deyil".
O, keçmişdə ailə dəyərlərinin daha sərt qorunduğunu xatırladaraq bildirib ki, hətta bəzi ailələrdə həbsdə olan kişinin həyat yoldaşının ata evinə getməsinə də icazə verilmirdi:
"Əri türmədə olan gəlinin ata evində nə işi var?" deyirdilər. O dövrün belə sərt qaydaları var idi".