Azərbaycanda koronavirus pandemiyası ilə mübarizə çərçivəsində tətbiq edilən karantin rejimi mayın 4-dən etibarən müəyyən qədər yumşaldılmağa başlayıb. Vətəndaşlardan gigiyena normalarına maksimum riayət etmək tələb olunur.
Eləcə də, tibbi maska və əlcəkdən istifadə etmək tövsiyə edilsə də, qaydaları pozan şəxslərin sayı hələ də çoxdur. Bu isə öz növbəsində koronavirusa yoluxmaların artmasına səbəb olur.
Həkimlər COVID-19-un insan orqanizminə tənəffüs yolları vasitəsilə, eləcə də əllərin dezinfeksiya etmədən göz və ağıza toxunması ilə keçə bildiyini bildirirlər.
Koronavirusa yoluxan və ya şübhəli bilinən şəxslərdə tez-tez müşahidə edilən simptomlar quru öskürək, halsızdıq və qızdırmadır. Bəs görəsən, koronavirus gözlərdə hansı əlamətlə özünü büruzə verir?
Bu məsələlərlə bağlı Oxu.Az-ın suallarını ABŞ-ın Los-Anceles şəhərində Kaliforniya Universitetində (UCLA) orbito facial cərrahiyyəsi üzrə ixtisaslaşmış, oftalmoloq, Oculoplastik cərrah İmran Cərullazadə cavablandırıb.

- Koronavirus gözdə hansı əlamətlərlə özünü büruzə verə bilər?
- Koronoavirus əlamətləri gözdə klassik konyuktivit (konyuktivanın iltihabı) kimi büruzə verir. O cümlədən, konyuktivanın iltihabı zamanı gözlərdə qızarma, tez-tez yaşarma və ifrazat müşahidə olunur. Əlbəttə, bu simptomlar hər zaman COVID-19 əlaməti olaraq qiymətləndirilə bilməz. Sadəcə olaraq, bu simptomlar yuxarı tənəffüs simptomlarında hiss edilən narahatlıqlarla birlikdə nəzərə alınmalı və dərhal təcili tibbi yardıma müraciət edilməlidir.
Koronavirusun bir çox simptomları var ki, onlar arasında əzələlərdə və oynaqlarda ağrılar, boğaz ağrısı, ishal, baş ağrısı, dad və ya qoxu itkisi, əl və ya ayaq barmaqlarının rənglərinin bir qədər dəyişilməsi və s. Lakin bu gün tibdə daha tez-tez rast gəlinən və ən güclü simptomlar nəfəs almaqda çətinlik və ya nəfəs darlığı, sinə ağrısı və ya döş qəfəsində təzyiq, danışma və ya hərəkət itkisi kimi qiymətləndirilir.
- Bu xəstəlik hansı göz xəstəliklərinin oxşar əlamətlərini özündə göstərə bilər?
- Ümumiyyətlə, kəskin yuxarı tənəffüs yollarının xəstəlikləri çox vaxtı konyuktivit ilə birgə keçə bilər. COVID-19 həmin xəstəliklər qrupuna aiddir. Bu səbəbdən də eyni simptomlarla özünü gözlər də büruzə verə bilir.
- Həkimə müraciət etmədən bunun qarşısını almaq olar?
- Nəzərə alsaq ki, bu sadəcə xəstəliyin simptomudur. Müalicə birbaşa COVID-19 ilə əlaqəli olduğu üçün bu istiqamətdə aparılan müalicələrin effekti gözlərə, eləcə də xəstəliyin özünü büruzə verdiyi digər orqanlarda da yaranan problemləri aradan qaldıracaq. Gözlərdə xüsusi müalicəyə ehtiyac olmur. Virus bədəndən xaric olunduqdan sonra bu simptomlar da keçəcək.
- Ümumiyyətlə, bu infeksiyanın müalicəsində hansı dərman preparatları effektlidir?
- Söhbət virus səbəbindən gözlərdə yaranan iltihabdan gedirsə, ona qarşı dərmanlar sadəcə, ilkin simptomları aradan götürməyə kömək edə bilər. Amma simptomatik müalicə barədə bir məqama toxunmaq istərdim. Bilirsiniz ki, xəstəlik özünü müxtəlif simptomlarla göstərir. Koronavirus infeksiyası isə yuxarıda sadaladığımız simptomlarla müşahidə olunur. Bu virusa qarşı konkret müalicə yoldur. Bu gün həkimlər ancaq simptomları müalicə edə bilir. Amma virusun özünü biz hələ ki, məhv edə bilmirik.
O cümlədən, COVID-19-a yoluxmuş şəxsdə infeksiya gözlərdə qızarma, iltihabla özünü büruzə verirsə, pasiyentə qızdırma əleyhinə dərmanlar verilə bilər. Bu halda biz pasiyentin hərarətini aşağı sala bilsək də, virusun bədəndə olan həcmini azalda bilmirik. Virusun bədəndə məhv olması birbaşa immun sisteminin gücü ilə bağlıdır. Hər insanın immun sistemi fərqli olduğu üçün, virus orqanizmdə tam məhv olana qədər pasiyentə simptomatik müalicələr tətbiq edirik.
- COVID-19-dan sağaldıqdan sonra bu virus gözdə hər hansı qalıcı fəsad yarada bilir?
- Bu maraqlı bir məqamdır. Lakin bu günə qədər belə bir faktla rastlaşmamışıq. Mən eşitməmişəm. İnanmıram ki, COVID-19 gözlərdə hər hansı qalıcı ciddi fəsad yaratsın.
- Yoluxmaların sayı təəssüf ki, artır. Bu barədə vətəndaşlara nə tövsiyə edərdinız?
- Əfsuslar olsun ki, elə insanlar var ki, hələ də bu xəstəliyin nə qədər ciddi olduğunu anlamırlar. Bəlkə də anlamaq istəmirlər. Ölkədə tətbiq edilən karantin rejimi hər kəsin sağlamlığının qorunmasına xidmət edir. Buna riayət etmək mütləqdir. Bilməliyik ki, bu xəstəlik simptomsuz da keçə bilir və daşıyıcı kimi biz gigiyena normalarına riayət etməməklə digər insanları yoluxdura bilirik.
Bu səbəbdən tibbi maskadan istifadə edilməli, sosial məsafə qorunmalıdır. Gün ərzində tez-tez əllərimizi dezinfeksiya edək. Xüsusilə, əgər ictimai yerlərdə və qapalı məkanlarda çox zaman keçiririksə. Küçədə qətiyyən əllərinizi üzünüzə, gözünüzə, ağzınıza, burnunuza vurmayın. Ani bir toxunuş virusa yoluxma riskini dəfələrlə artırır. Ən önəmlisi, yaşlı nəslin nümayəndələri bu məqamlara diqqət etsin. Evinizdə yaşlı insanlar varsa, onların sağlamlığını riskə atmamaq üçün gigiyena qaydalarına əməl edin. Nəzərə alın ki, yaşlı insanların immun sistemi çox zəif olur. Əgər həmin yaşlı şəxslər daha əvvəl astma, diabet, ürək xəstəliklərindən əziyyət çəkirsə, onların yoluxma riski yüksək olur və xəstəliyin gedişatı çox ağır nəticələrə gətirə bilər.
Xatırladaq ki, ötən gün Azərbaycanda 97 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Hazırkı dövrədək ölkəmizdə 2519 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1650 nəfər müalicə olunaraq sağalıb, 32 nəfər vəfat edib, 837 nəfərin isə xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 33 nəfərin vəziyyəti ağır, 40 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 193.411 test aparılıb.
Könül Cəfərli