Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Ölkəmizdə orqanların "qara bazar"ının formalaşmasının qarşısını almaq üçün ağır cəzalar mövcuddur
"Transplantasiya sahəsinin birbaşa insan həyat və sağlamlığı ilə bağlı olması burada baş verə biləcək qanun pozuntularının da ciddi şəkildə cəzalandırılmasını tələb edir".
Oxu.Az xəbər verir ki, bu fikirləri "93 FM" dalğasında yayımlanan "Sağlam radio" verilişdə Səhiyyə Nazirliyi Hüquq şöbəsinin böyük məsləhətçisi İntiqam Hacıyev açıqlayıb.
Onun sözlərinə görə, ölkəmizdə orqanların "qara bazar"ının formalaşmaması üçün bu sahədəki qanun pozuntularına görə ağır cəzalar nəzərdə tutulub:
"Eləcə də, digər böyük ictimai təhlükə törətməyən əməllər isə inzibati xəta hesab olunur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 137-ci maddəsinə əsasən insan orqanlarının alqı-satqısı, dövlətin müəyyən etdiyi siyahıda olmayan tibb müəssisələrində və ümumiyyətlə tibb müəssisələrindən kənarda donor orqanların götürülməsi və ya transplantasiyasının həyata keçirilməsi, şəxsin razılığı olmadan transplantasiya məqsədilə donor orqanının götürülməsi və ya eyni məqsədlə şəxsi donor orqanının götürülməsinə məcburetmə, eləcə də qanunla qadağan olunan şəxslərdən transplantasiya məqsədilə donor orqanın götürülməsi əməlləri üçün cinayət məsuliyyəti nəzərdə tutulub. Bu əməlləri törətmiş şəxsləri bir çox alternativ cəzalarla birlikdə maksimum 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir".
İ.Hacıyev qeyd edib ki, bundan başqa, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 162-1-ci maddəsinə əsasən, dövlətin təsdiq etdiyi siyahıya daxil olmayan tibb müəssisələri və digər şəxslər tərəfindən donor orqanların hazırlanması, saxlanması, daşınması, idxalı və ixracı, resipiyentin və ya donorun anonimliyinin qorunmaması, canlı donordan orqanların götürülməsi zamanı qanununda nəzərdə tutulmuş tələblərə əməl olunmaması, canlı donor tərəfindən özünün zərərli vərdişləri və ona məlum olan xəstəlikləri barədə məlumat verilməməsi, habelə şəxsin ölümdən sonra orqanlarının transplantasiya məqsədilə götürülməsinə razılıq və ya bundan imtina barədə məlumatların yayılması inzibati xəta hesab olunur və müxtəlif məbləğlərdə olmaqla maksimum 10 min manatadək cərimə nəzərdə tutulur.
"Səhiyyə Nazirliyi" teqi üzrə xəbərlər
- İlkin tibbi sanitariya yardımı xidməti ilə bağlı İşçi Qrupu yaradılıb
- Gözəllik salonlarındakı qanunsuz PROSEDURLAR
- Səhiyyə Nazirliyinin həbsdə olan sabiq vəzifəli şəxslərinin ev dustaqlığına buraxılması istənilib
- Estetik əməliyyat zamanı "TikTok"da canlı yayım açan tibbi personal CƏZALANDIRILDI
- Səhiyyə Nazirliyinin sabiq vəzifəli şəxsi: "Çantamdan çıxan 30 min manat oğlumun idi"