Bərdə rayon sakini ağır xəstəlik səbəbindən ailəsinin ağır sosial vəziyyətə düşdüyünü bildirərək aidiyyəti qurumlardan kömək istəyir.
Bununla bağlı vətəndaş Oxu.Az-ın qaynar xəttinə müraciət edib.
Onun sözlərinə görə, 2023-cü ildə bir, 2024-cü ildə isə iki dəfə Mingəçevir Regional Xəstəxanasında ağır cərrahiyyə əməliyyatı keçirib. Bundan əlavə, Milli Onkologiya Mərkəzində altı kurs kimyaterapiya müalicəsi alıb və hazırda da həkim nəzarətindədir.
Vətəndaş qeyd edir ki, övladlarından biri də xəstəlikdən əziyyət çəkir və maddi imkansızlıq səbəbindən müalicələrini davam etdirməkdə çətinlik yaşayırlar:
"Ailəmizin sosial-maddi vəziyyəti çox ağırdır. İki azyaşlı övladım aclıq təhlükəsi ilə üz-üzə qalıb. Mənə torpaq sahəsinin ayrılması üçün 24 may 2025-ci il tarixdə Bərdə rayon Xəsili bələdiyyəsinə ərizə ilə müraciət etsəm də nəticəsiz qalıb və ailəmizə heç bir köməklik də göstərilməyib", - deyə şikayətdə vurğulanıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Bərdə Rayon İcra Hakimiyyətindən bildirildi ki, vətəndaş tərəfindən ünvanlanan müvafiq müraciətdən xəbərdardırlar:
"Müraciətlərin baxılma müddəti bir aydır. Sözügedən vətəndaşın müraciəti hazırda icraaatdadır. Məsələ araşdırıldıqdan sonra vətəndaşa rəsmi cavab veriləcək".