Nizami rayonundakı su xəttində baş verən qəza dərhal aradan qaldırılıb.
Bu barədə Oxu.Az-a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.
Bildirilib ki, rayonun Cəmşid Naxçıvanski küçəsi, 458 ünvanında diametri 110 mm olan içməli su borusunda baş vermiş qəza ilə bağlı saat 07:30-da rayon sukanal idarəsinə məlumat daxil olub:
"Dərhal qəza briqadası həmin əraziyə cəlb olunaraq işlərə başlanılıb. 08:20-də su axıntısının qarşısı alınıb və borunun qəzalı hissəsi bərpa edilib. İşlər 08:50-də sona çatdırılıb. Qazılmış hissənin üstü örtülərək problem həll olunub".
Bakının Nizami rayonunda su borusunun partlaması nəticəsində küçəni su basıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə Cəmşid Naxçıvanski küçəsi, 458 ünvanında baş verib.
Güclü təzyiqlə yerdən fontan vuran su qısa müddətdə yolu su altında qoyub, küçə boyu axın yaranıb. Bundan əlavə, nəqliyyatın hərəkəti çətinləşib.
Sakinlərin bildirdiklərinə görə, hadisə səhər saatlarından baş verib və əraziyə baxış keçirilsə də, problem aradan qaldırılmayıb.