Bakının Xətai rayonunda yaşayan sakinlər ərazidəki su problemindən narazılıq edirlər.
Oxu.Az xəbər verir ki, bununla bağlı şikayət sosial şəbəkədə paylaşılıb.
Söhbət rayonun Məzahir Rüstəmov küçəsi, 21 ünvanında yerləşən binadan gedir.
Bina sakinlərindən biri içməli suyun verilişində yaranan problemlərdən şikayət edir:
“2019-cu ilin iyun ayında binamızda təmir işləri aparıldığı üçün rayon İcra Hakimiyyəti damdakı su çənlərini yığışdırdı və bizə yalan vəd verdilər ki, 24 saat daimi suyunuz olacaq. Doğrudan da, iki ay 24 saat su verildi, ancaq sonra suyun verilişində fasilələr yaranmağa başladı. Dəfələrlə qaynar xəttə zəng etsək də, əksər dövlət qurumlarındakı kimi, bu məsələyə baxan olmadı. Sonra isə vətəndaşlara “səbirli olun, yaşadığınız əraziyə su xətti çəkilir, problem aradan qalxacaq” deyildi. Ancaq problem aradan qalxmadı. Hazırda suyun verilmə rejimi belədir - səhər saat 06:00-dan günortaya qədər su normal gəlir. Sonra tədricən saat 15:00-a kimi azalma başlayır və bir də axşam saatlarında 18:00-19:00 arası su yenidən normal verilir. Gecə saat 00:00-dan sonra isə su verilmir”.
“Azərsu” ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında bildirib ki, sözügedən ərazidə içməli suyun verilməsi təmin olunur:
“Günün erkən saatlarından ərazidəki binalar içməli su ilə təmin olunur. Gündüz saatlarında planlaşdırılmış hər hansı təmir prosesi, qəza halları istisna olmaqla, su problemi yaşanmır. Ərazidən magistral su xətti keçir və orada daimi su olur.
Lakin gecə saatlarında magistral su xəttinə verilən suyun təzyiqi azaldılır. Buna da səbəb anbarların doldurulmasıdır. Mümkündür ki, suyun təzyiqinin azalması səbəbindən bəzi vətəndaşlar suyun gəlmədiyini deyirlər. Amma nəzərə almaq lazımdır ki, Hövsan, Yeni Günəşli, Əhmədli, Zığ, Köhnə Günəşli və s. ərazilərin də gün ərzində içməli su ilə təmin olunması üçün anbarlar doldurulmalıdır”.
Könül Cəfərli
Rəylər