"Azərbaycan PISA 2025-də oxu savadlılığı üzrə 374 bal toplayaraq 91 ölkə və region arasında 71-ci yerdə qərarlaşıb. Bakı üzrə göstərici isə 405 bal təşkil edib və paytaxt əvvəlki qiymətləndirmə dövrü ilə müqayisədə 39 bal irəliləyib".
Oxu.Az xəbər verir ki, bu nəticələr PISA 2025 - Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinin təqdimatına həsr olunmuş tədbirdə açıqlanıb.
Oxu savadlılığı üzrə İƏİT orta balı 461 olub. Əvvəlki qiymətləndirmə dövrü ilə müqayisədə bu göstərici 15 bal azalıb.
Bu kateqoriyada ilk üçlükdə Sinqapur 535 balla birinci, Çin 527 balla ikinci, Çin Taybeyi 508 balla üçüncü olub.
Digər ölkələrin nəticələrinə nəzər saldıqda, Birləşmiş Krallıq 494 balla 10-cu, Türkiyə 472 balla 18-ci, Almaniya 464 balla 24-cü, Fransa 457 balla 28-ci, İsrail 436 balla 37-ci, Qazaxıstan 385 balla 67-ci, Gürcüstan 384 balla 68-ci yerdə qərarlaşıb.
Azərbaycan üzrə əvvəlki qiymətləndirmə dövrü ilə müqayisədə dəyişiklik qeydə alınmayıb. Ölkələr üzrə dinamika göstəricilərinə əsasən, Albaniya 49 bal, Gürcüstan 38 bal, Monteneqro 32 bal, İordaniya 20 bal, Filippin 20 bal irəliləyiş göstərib.
Qeyd edək ki, PISA 2025-də oxu savadlılığı üzrə 91 ölkə və region iştirak edib. Onlardan 13-ü əvvəlki qiymətləndirmədə iştirak etməyib, 19 ölkədə nəticələr yaxşılaşıb, 58 ölkədə isə nəticələr aşağı düşüb.