"Kənd təsərrüfatı iqlim dəyişikliyinə ən həssas sahələrdən biridir. Temperaturun yüksəlməsi, uzunmüddətli quraqlıqlar, torpaqların deqradasiyası, su qıtlığı və ekstremal hava hadisələrinin daha tez-tez baş verməsi artıq bütün dünyada kənd təsərrüfatının məhsuldarlığına, kənd əhalisinin dolanışığına və ərzaq təhlükəsizliyinə təsir göstərir. Eyni zamanda, ərzağa qlobal tələbat artmaqda davam edir".
Oxu.Az xəbər verir ki, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Nasar Hayat Bakı İqlim Fəaliyyəti Həftəsi 2026" (BCAW 2026) çərçivəsində "Harmoniya fəaliyyətdə: İqlimədavamlı kənd təsərrüfatı naminə tərəfdaşlıq" mövzusunda keçirilən yüksək səviyyəli dəyirmi masada çıxışı zamanı deyib.
"Bu o deməkdir ki, qarşımızda duran problem sadəcə daha çox ərzaq istehsal etməkdən ibarət deyil. Biz təbii ehtiyatlardan daha səmərəli istifadə etməklə daha keyfiyyətli ərzaq istehsal etməli, eyni zamanda fermerlərin dəyişən iqlim şəraitinə uyğunlaşa bilməsini və öz dolanışıqlarını davamlı şəkildə təmin etməsinə çalışmalıyıq. Məhz buna görə də iqlim dəyişikliklərinə davamlılıq FAO-nun əsas prioritetlərindən birinə çevrilib. FAO-nun 2022-2031-ci illər üzrə İqlim Dəyişikliyi Strategiyası vasitəsilə biz ölkələrə aqro-ərzaq sistemlərinin daha səmərəli, inklüziv, dayanıqlı və davamlı sistemlərə çevrilməsində dəstək göstəririk. Məqsədimiz, xüsusilə kiçik təsərrüfat sahibləri, qadınlar və gənclər olmaqla fermerlərin iqlim problemlərinə uğurla uyğunlaşmaları üçün zəruri biliklərə, texnologiyalara, maliyyə imkanlarına və tərəfdaşlıqlara çıxışını təmin etməkdir.
"Harmoniya" Təşəbbüsü bu baxışı yaxından əks etdirir. Hökumətləri, inkişaf tərəfdaşlarını, beynəlxalq təşkilatları, maliyyə institutlarını və özəl sektoru bir araya gətirməklə, kənd təsərrüfatı, su ehtiyatları, ərzaq sistemləri və kənd yerlərinin inkişafı arasındakı sıx əlaqələri nəzərə alan, iqlim dəyişikliklərinə davamlı kənd təsərrüfatına koordinasiyalı yanaşmanı təşviq edir.
Azərbaycanda FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı, Texniki Əməkdaşlıq Proqramı çərçivəsində həyata keçirilən layihələr, eləcə də Qlobal Ətraf Mühit Fondu və Yaşıl İqlim Fondu tərəfindən maliyyələşdirilən təşəbbüslər vasitəsilə Azərbaycan hökumətinə geniş fəaliyyət istiqamətləri üzrə dəstək göstərməkdən qürur duyuruq. Birgə səylərimiz davamlı torpaq idarəçiliyinə, iqlimədavamlı kənd təsərrüfatına, sudan səmərəli istifadəyə, dəyər zəncirlərinin təkmilləşdirilməsinə, rəqəmsal innovasiyalara, biomüxtəlifliyin qorunmasına, eləcə də fermerlərin və aidiyyəti qurumların potensialının gücləndirilməsinə yönəlib", - BMT rəsmisi deyib.
O bildirib ki, Azərbaycanın kənd təsərrüfatının davamlı inkişafının təşviqi və bu sahədə dayanıqlılığın gücləndirilməsi istiqamətində davamlı səyləri də yüksək qiymətləndirilir.
"Bu cür təşəbbüslər kənd təsərrüfatının inkişafının ətraf mühitin davamlılığı və iqlim dəyişikliklərinə uyğunlaşma ilə paralel şəkildə həyata keçirilməsinə dair milli öhdəliyin aydın göstəricisidir. Bu öhdəlik yeni qəbul edilmiş Kənd Təsərrüfatının İnkişafına dair Dövlət Proqramında da öz aydın ifadəsini tapır. Lakin heç bir qurum bu problemlərin öhdəsindən təkbaşına gələ bilməz.
Dayanıqlı və iqlim dəyişikliklərinə davamlı aqro-ərzaq sistemlərinin formalaşdırılması kollektiv fəaliyyət tələb edir. Bunun üçün daha güclü tərəfdaşlıqlara, daha böyük investisiyalara, innovasiyalara, bilik mübadiləsinə və heç bir fermerin, heç bir kənd icmasının diqqətdən kənarda qalmamasını təmin etmək istiqamətində ortaq öhdəliyə ehtiyac var. "Harmoniya" Təşəbbüsü məhz belə bir platforma təqdim edir. Bu təşəbbüs dialoqu fəaliyyətdə, götürülmüş öhdəlikləri isə ölçülə bilən nəticələrdə əks etdirmək üçün imkan yaradır. FAO bu gündəliyin irəlilədilməsində və daha yaxşı gələcək naminə iqlim dəyişikliklərinə davamlı aqro-ərzaq sistemlərinin gücləndirilməsində Azərbaycana və bütün tərəfdaşlara dəstək verməyə tam sadiqdir".