Bakıda avtomobillərin evakuasiyası ilə bağlı ciddi problemlər var. Ən başlıca problem isə evakuasiya işinə əksər hallarda yol polisi əməkdaşlarının deyil, Çevik Polis Alayının əməkdaşlarının cəlb olunmasıdır.
Bəzi hallarda heç polis də olmadan mülki şəxslər istədikləri yerdən avtomobili evakuasiya edirlər. Görəsən, bu adamların, elə Çevik Polis Alayı əməkdaşlarının anlayışı varmı haradan, hansı yol nişanın təsir zonasından avtomobili evakuasiya etmək olar və ya olmaz? Elə bu videomateriala baxmaq bu sualın cavabına aydınlıq gətirəcək.
Oxu.Az xəbər verir ki, avtosfer.az saytının təqdimatında izlədiyiniz video həvəskar tərəfindən Bakının mərkəzi küçələrindən birində, Axundov parkının arxa tərəfində çəkilib.
Kadrlardan görünür ki, polis əməkdaşı yol polisi işçisi deyil. Onun əmri ilə evakuasiya edilən “Jiquli” markalı avtomobilin sahibi isə elə oradadır. Avtomobilin qapısı açıqdır. Maşın sahibi nə qədər çalışsa da, polis əməkdaşı avtomobili evakuatordan düşürmür.
Bu azmış kimi, polis əməkdaşı sürücüyə təzyiq göstərir, onu itələyib evakuasiya prosesinə maneə yaratmamağı tövsiyə edir. Sürücünün bütün cəhdlərinə baxmayaraq, polis əməkdaşı onu ora-bura itələyib avtomobili cərimə meydançasına aparır.
Qanunvericiliyə görə, evakuasiya olunan avtomobil hətta evakuatorun üstünə yüklənmiş vəziyyətdə olsa belə sürücü yaxınlaşıb özünü təqdim edirsə, avtomobil dərhal evakuatordan düşürülməli və sürücüyə dayanma-durma qaydasını pozduğuna görə yerindəcə inzibati protokol tərtib olunmalıdır.
Bizim təqdim etdiyimiz videoda isə tam tərsini görürük.
Qeyd edək ki, Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Bakının mərkəzi küçələrindən birində, Axundov parkının arxa tərəfində çəkilmiş videoya münasibət bildirib.
Şöbə rəisi musavat.com-a bildirib ki, polisin digər xidmətləri istənilən başqa xidmətə cəlb oluna bilər və burada qanun pozuntusu yoxdur:
“Yol hərəkəti təhlükəsizliyinin nəzarəti həyata keçirilən xidmətə cəlb ediləndə onlar protokol da yaza bilərlər. Məsələn, post-patrul xidmətindən piyadalara qarşı mübarizə aparılması üçün 110-dan çox əməkdaş bu xidmətə cəlb edilib.
Hansısa ərazidə avtomobillərin təxliyyə olunması və digər məsələlərlə bağlı da polisin digər xidmətlərindən də əməkdaşlar cəlb edilə bilər”.
K.Əliyev sonda qeyd edib ki, sözügedən video ilə bağlı araşdırma aparılacaq.