Oxu.Az-ın “Oyundan kənar” rubrikasının növbəti qonağı kikboksinq üzrə dünya çempionu Pərviz Həsənovdur.
- Öz məmləkətində yaşayırsan, sonra köçürsən başqa yerə, sonra yenidən qayıdırsan. İnsan üçün hansı çətinlikləri var bunun? Və sən hansı səbəbdən Bakıdan köçməli olmusan?
- 1983-ci ildə Biləsuvarda anadan olmuşam. 1 yaşından Qazaxıstana köçmüşük, bir müddət orada yaşamışıq. Bu da atamın işi ilə bağlı idi. 2000-ci ilə kimi orda olmuşuq. Təbii ki, çətin gəlir, çünki bir yerdə olursan, orda yaşayırsan, öyrəşirsən, suyu, havası sənə xoş gəlir.
Məktəbi də orda oxumuşam. Universiteti isə burda gəldim oxudum. Qayıdandan sonra burda idmanımla da məşğul idim, yəni burda da davam etdirdim.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmişəm. Ailədə anam və bir qardaşım var.
- Adətən oğlan uşaqları nadinc olur. Sən necə uşaq olmusan?
- Çox nadinc, həddindən artıq nadinc olmuşam. Hətta evə o qədər şikayət gəlirdi ki, axırda məni aparıb idmana yazdırdılar. Futbolla, üzgüçülüklə məşğul olmuşam. Neçə il taekvondoyla məşğul olmuşam. Taekvondo üzrə turnirlərin qalibi olmuşam, respublika çempionu olmuşam.
- Taekvondo, futbol, kikboksinq – bu idman növlərində özünü sınayan biri kimi hansı idman növünün axtarışında idin?
- Neçə illərdir ki, idmanla məşğulam. Bircə onu bilirəm ki, insan olduğu yerdə olmalıdı, məhz mən burda rahatam deyə bilməlidir. Ona görə də hansı idmanla məşğul olmağıma baxmayaraq, özümü məhz döyüş növündə görürdüm həmişə. Kikboksinq çətin idman növüdür, heç də asan deyil.
- Taekvondo isə cəldliyi sevir. Taekvondoda ən yaxşı idmançı kimi deyə bilərsən?
- Təbii ki, Niyaməddin Paşayevi və Rəşad Əhmadovu.
- Yunanıstanda qalib olmaq necədir?
- Qalibiyyət hər yerdə gözəldir. Əziyyət çəkirsən və bəhrəsini görürsən. Çalışdım, əziyyət çəkdim və qalib oldum. Deməli, bu yarış Yunanıstanın Sontorini adasında təşkil olunmuşdu, 27 ölkənin 460 idmançısı iştirak edirdi.
- Kimlərlə döyüşdün?
- 1-ci italiyalı idmançı idi və olduqca da güclü idmançı idi. Təbii ki, ayaq zərbələrim çox oldu, qalib gəldim ona.
2-ci ispan idi və çox hündür idmançı idi. Əlləri ilə zərbələri vurmaqda çətinlik çəkirdi.
3-cü ukraynalı idi. Məndə ayaqlar güclü idi, onda isə əllər. Və beləliklə, qalib gəldim.
- Yunanıstan necə ölkədir? İnsanları necədir?
- Özümüz kimi qonaqpərvər xalq tanımıram, görməmişəm. Amma deyərdim ki, yunanlar isti münasibətləri olan millətdi, qonaqpərvər, ən əsası diqqətcildirlər.
- Xanımları necə? Qəşəng qızlar var? Bildiyimə görə gözəl qızları olur.
- Qəşəng qızları da var, amma bizim xanımlara çatmaz, bizim xanımlar daha gözəldirlər (gülür).
- Bizim idmançılardan kimlər iştirak etmişdi həmin yarışda?
- Eduard Məmmədov, Sərxan Orucov, Fuad Zeynalov – özlərini təsdiq etmiş idmançılarımız iştirak edirdi.
- Bir ara idmandan uzaqlaşmışdın. Səbəb nə idi?
- Deməli, taekvondoyla məşğul idim. 2008-ci il idi, İsveçrədə yarışda zədə aldım. Həkimlər mənə idmandan uzaqlaşmağı məsləhət gördülər. Zədələrim var idi və belə idmanla məşğul olmaq olmazdı. Bir müddət uzaqlaşdım, amma tamamilə yox, 2 il idmandan ayrı qaldım. Yavaş-yavaş məşqlərə başladım, araşdırdım, oxudum və məlumatlandım. Şükür ki, bunun öhdəsindən gələ bildim.
- Çox idmançıların kitab oxumağa vaxtı yoxdu, amma mütləq lazımdı. Sən necə, vaxt tapa bilirsən?
- Həqiqətən də vaxtın az olmağı və məşqlərə görə hansısa işlərimi çatdırmadığım vaxtlar olur. Amma çalışıram oxuyum. İndi oxuduğum kitabı mənə hədiyyə veriblər, adı Şantaramdı, müəllifi isə Robertsdi. Hindistan haqqında kitabdı, maraqlıdı, oxumağa dəyər.
- Görək yaddaşın necədi, Nizami Gəncəvinin yaşadığı illər?
- Bir az fikirləşim, səhv etmirəmsə 1141-1209-cu illərdə yaşayıb.
- Hazırlaşdığın yarışlar varmı?
- Var. Noyabr ayında olmalıdı. Ümumiyyətlə, hansı yarış olur-olsun, çalışıram məsuliyyətlə hazırlaşım.
Foto: Asif Əliyev
Nərmin Kazımova
www.oxu.az