Bir müddət əvvəl Qarabağda olmuş ukraynalı jurnalist Qleb Prostakov Dağlıq Qarabağa səfər edib. Q.Prostakov öz reportajını şəxsi reporter.vesti.ua saytında dərc edib.
Prostakov indiyədək Xankəndidə qalan azərbaycanlı Rahilə İbrahimovanın əhvalatını təsvir edib.
Oxu.Az haqqin.az-a istinadən reportajın həmin hissəsini təqdim edir.
Müəllif erməni ərinin ölməsinə baxmayaraq indiyədək Qarabağda yaşayan azərbaycanlı ilə görüşünü ətraflı işıqlanıdırıb.
“Rahilə İbrahimova müharibə başlayandan sonra Dağlıq Qarabağda qalmış tək-tük azərbaycanlı qadınlardan biridir” – deyə, məqalədə vurğulanır.
67 yaşlı Rahilə qızı, iki qız və bir oğul nəvəsi ilə iki otaqda yaşayır. O, qohumlarının onu necə əmisi oğluna ərə vermək istəməsi barədə danışır:
“Əvvəllər Azərbaycanda qızları qohumlara ərə vermək ənənəsi güclü idi. Lakin mən Qriqoryan adlı ermənini sevdim” – deyə, o bildirib.
Rahilənin əri 55 yaşında həyatdan köçüb – onu öz evinin həyətində top mərmisi öldürüb. Ərinin ölümündən sonra Rahilə qohumlarından heç birini görməyib.
“Bu vaxt ərzində mənim atam və qardaşım öldülər. Onların qəbirləri Bakıdadır, yəqin bir daha həmin yerləri görməyəcəyəm. 19 il sonra mənim Azərbaycandan olan xalam qızı mənə yazdı, Tbilisidə görüşməyi təklif etdi. Mən getdim. Qayıdandan sonra dərhal yerli “KQB”nin rəhbəri, qondarma “Dağlıq Qarabağ Respublikasının” hazırkı “prezidenti” Bako Saakyanın yanına gedib, hər şeyi ona danışdım. O mənə dedi ki, “yaxşı ki gəlmisən, sən hər şeyi düz etdin” – deyə, “DQR”də yaşayan azərbaycanlı danışır.
Məqalədə qeyd olunur ki, Rahilə Xankəndindən onun xəyanətdə günahlandırılmasını istəməyən ərinə görə getməyib. Yerli sakinlərdən biri deyir ki, bu kəndən olan azərbaycanlılar bir gecəyə getdilər. İndi Bakıda Ermənistandan gəlmiş bir milyon, İrəvanda isə Azərbaycandan gəlmiş yarım milyon qaçqından danışırlar.
Ermənilərin arasında qalmaqdan qorxub-qorxmadığı barədə sualı cavablandıran Rahilə cavab verib ki, “hər şey olub”.
“Yadımdadır, müharibənin qızğın vaxtında mağazaya getdim. Xankəndi blokada vəziyyətində idi, məhsullar çatışmırdı. Mənə qızım üçün bir qutu süd lazım idi, onu yalnız 3 yaxud 4 günə tapa bildim. Erməni qadın qaçıb mənə yaxınlaşdı və qutunu əlimdən aldı – “Qoy öz Ağdamına getsin” – deyə, o qışqırdı. Lakin Rahilə vurğulayır ki, növbədə dayanan ermənilər onu təhqir edən qadını dəstəkləmədilər, hətta “kimsə onun üzünə də tüpürdü”.