Səhər saat 5:45 radələri...Güclü yağış yağır. Göz-gözü görmür, amma biz yola düşürük... Sizcə bu yol bizi hara aparacaq? Tələsməyin, onu da deyəcəyəm. 30 il səbr etmişik, bir beş saat da səbr edə bilərik...
Bakıdan çıxıb 44 günlük Vətən müharibəsinin bizi qovuşdurduğu torpaqlardan birinə gedirik. İfadə etməsi çətin olan qarışıq hisslər keçir qəlbimdən. Nəhayət şəhərdən tamamilə uzaqlaşdıq. Yevlaxı da keçib Bərdəyə daxil olduq. Yağış isə səngimək bilmir.
Hər kəsə tanış olan bir qoxu gəlir torpaqdan... Yağışla qarışan torpaq qoxusu, şehli otların təravəti insanı məst edir. Yağış pəncərələri açmağa imkan vermir, ancaq az da olsa havanı duymaq üçün pəncərələri aşağı endirdim.
Vaxtımız olsaydı məmnuniyyətlə burada bir qədər dayanardıq. Lakin, uzun illərdir bizi gözləyən torpaqlara tələsirdik. İllərin həsrəti çökən yollar... İllər əvvəl göz yaşları ilə yuyulan bu yolları indi yağış yuyur. Artıq Tərtərə daxil olduq.
Yol boyu məktəb binaları, yaşayış evləri, həyətyanı sahələr, orada yaşayan insanları görürdüm. İllərdir düşmənlə sərhəddə yaşayan bu qəhrəman insanlar... Məncə, bütün insanlar belə olmalıdır. Doğulduğu torpaqdan qopmaq asan deyil. İnsana güc verən dəyərlər olmalıdır - Məhz Vətən kimi, torpaq kimi.Barıt qoxan o yollar...
Nəhayət çatırıq. Bura Tərtərin Çaylı kəndidir. Çaylı kəndi üzərindəki körpüdən keçirik. Sanki, bayaqdan gördüyüm, duyduğum hər şey geridə qaldı. Burada həyat dayanıb. Yağışı, torpaq qoxusunu artıq barıt qoxusu əvəz edir.
Məlum olur ki, təkcə bu körpünün altından 6 ədəd mina çıxarılaraq zərərsizləşdirilib. Ətrafda üzərində “Təhlükəlidir” yazısı olan qırmızı dirəklər basdırılıb. Bu həmin ərazilərin təhlükəli olduğuna işarədir. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) əməkdaşları ərazilərdə minalardan və partlamamış silah-sursatdan təmizlik əməliyyatları apararaq hərəkət üçün təhlükəsizlik zolağı yaradıblar.
Sağ tərəfdə su kanalı gedir ki, illərdir orada su olmayıb. İşğaldan azad edildikdən sonra kanala su buraxılıb. Körpünün altı ilə yanaşı, ətrafından da daha 4 mina çıxarılıb. Ümumilikdə Suqovuşana aparan bu yolda düşmənlər 10 mina yerləşdirmişdilər.
Qəribə bir hiss, qəribə bir kədər vardı havada. Dumanlar arasından 2783 şəhidimiz bizləri görürdümü? Bunun fikri, xəyalı, düşüncəsi məni rahat buraxmadı. Gözü, könlü, ruhu bu torpaqlarda qalan qəhrəmanlarımız...
Biz artıq gedirik, onlar isə dünya durduqca bu torpaqlarda var olacaqlar. Ruhları o evlərdə, o həyətlərdə, o kəndlərdə, o dağlarda şad dolaşacaq...
Növbəti görüşlərə qədər deyib, Bakıya yola düşürük. Dövlətimizin dəstəyi ilə zamanla bu ərazilər abadlaşacaq. Qarabağa həyat yenidən qayıdacaq.
Əminəm ki, vətən həsrətində olan bütün həmvətənlərimiz öz ata yurdlarına köçəcəkləri günü iplə çəkirlər. Uşaqlığını, həyatının ən unudulmaz illərini burada keçirən insanlar xatirələri ilə dolu bu torpaqlarda öz övladlarını, nəvələrini, böyüdəcəklər...Əzəli, əbədi torpağımız olan Qarabağ artıq bizimdir.
Biz qayıtdıq!
Könül Cəfərli