Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Qarlı Bakının kommunal xidmətləri ilə bağlı neçə şikayət daxil olub? - YENİLƏNİB +VIDEO
“Bölgələrdə və paytaxtda qurum əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar. Axşam saatlarından 104 çağrı mərkəzimizə qazın təzyiqi ilə bağlı 281 zəng daxil olub”.
Bu barədə Oxu.Az-a açıqlamasında “Azəriqaz” ASC-nin mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev məlumat verib.
O bildirib ki, zənglərdən 57-si təbii qazın olmaması ilə bağlı olub:
“Eyni zamanda, 41 abonent isə qaz sızması ilə bağlı müraciət ünvanlayıb. Əməkdaşlar dərhal əraziyə ezam olunublar. Sızmanın aradan qaldırılması istiqamətində tədbirlər görülüb. Bir neçə saat ərzində problem aradan qaldırıldı və təhlükəsizlik təmin edildi”.
E.Vəliyev bununla yanaşı dəm qazından zəhərlənmə halının da olduğunu qeyd edib:
“Dəm qazından yüngül zəhərlənmə ilə bağlı 7 müraciət daxil olub”.
O qeyd edib ki, Suraxanı və Xəzər rayonlarında bir neçə yaşayış evində lokal problemlər qeydə alınıb:
“Həmin müraciətlərin bir qismi gecə saatlarında, bir qismi isə hazırda həll olunur. Ümidvarıq ki, bundan sonra qaz təchizatında genişmiqyaslı problemlər olmayacaq. Vətəndaşlardan soyuq hava şəraiti ilə bağlı qaz plitələrinin yandırılmasını və gecə yatarkən onların açıq vəziyyətdə saxlanılmasına yol verməsinlər. Bu cür hallarda qaz sızma, partlayış ola bilər. Bu baxımdan təhlükəsizlik məqsədilə bu kimi məqamlara diqqət etsinlər.
Güclü külək bacalara təsir edə bilər və dəm qazı evə daxil ola bilər. Bu kimi nüanslara ciddi yanaşmaq lazımdır. Gün ərzində quruma genişmiqyaslı problem daxil olmayıb, lokal problem isə müvafiq qaydada operativ şəkildə həll olunub və olunacaq”.
12:34
“Səhər saat 06:00-dan 11:30-a qədər çağrı mərkəzimizə 60-dan çox müraciət daxil olub. Müraciətlərin böyük hissəsi Nizami rayonu ərazisindən olub”.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq “Azəristiliktəchizat” ASC-nin mətbuat xidmətinin rəhbəri Elvin Basqallı məlumat verib.
O bildirib ki, Nizami rayonunda istilik xəttində qeydə alınan axıntı nəticəsində 17 binanın istilik təminatında fasilə yaranıb:
“Əməkdaşlarımız dərhal hadisə yerinə yollanıblar. Yaxın saatlarda ərazidə yaranan problem həll olunacaq”.
Bundan başqa qeyd edilib ki, qurum əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar:
“Yaşayış və qeyri-yaşayış binalarında istilik verilməsi ilə bağlı heç bir problem yoxdur. Hava şəraiti ilə bağlı qrafikə uyğun olaraq istilik verilməsi də artırılıb”.
12:18
“Qarlı hava şəraiti ilə bağlı bəzi regionlarda elektrik enerjisinin verilməsi zamanı qısamüddətli lokal qəzalar qeydə alınıb”.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu bildirib.
“Bəzi ərazilərdə lokal qəza halları olub. Qəza xidməti tərəfindən dərhal müraciətlərə baxılıb, problem aradan qaldırılıb. Donvurma ilə əlaqədar bəzi qırılmalar ola bilir. Qurumun qəza xidmətinin əməkdaşları 24 saat gücləndirilmiş iş rejimində çalışır. Çağrı mərkəzinə qəza ilə bağlı əhalidən daxil olan zənglər əsasında həmin ərazilər dərhal əməkdaşlar cəlb edilir və problem aradan qaldırılır”.
11:40
Qarlı hava şəraiti ilə bağlı paytaxt və regionlarda müxtəlif problemlər yaşanıb. Əhali daha çox yollardakı vəziyyətdən və nəqliyyatla bağlı yaranan çətinlikdən şikayət edir.
Bəs kommunal sahələrdə əhaliyə göstərilən xidmətlərlə bağlı vəziyyət necədir? Bununla bağlı qurumlara sorğu ünvanladıq.
“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr sektorunun rəhbəri Anar Cəbrayıllı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, qurumun “955” zəng mərkəzinə su borusunun və yaxud sayğacların donması ilə bağlı heç bir müraciət daxil olmayıb:
“Operativ idarəetmə şöbəsindən verilən məlumata görə, hazırda həm Bakı şəhərində və Abşeron yarımadasında, həm də regionlarda bütün mənbələrdən lazımi həcmdə su götürülür və abonentlər dayanıqlı içməli su ilə təmin olunurlar. “Azərsu” qarlı günlərdə gücləndirilmiş iş rejimində çalışır. Hər hansı bir qəza və yaxud problem yaranarsa, onun qısa müddətdə və operativ aradan qaldırılması ilə bağlı tədbirlər görüləcək”.
Könül Cəfərli
Rəylər