Ötən gün Qazax rayonunda 310 kvadratmetr sahəsi olan yaşayış evində güclü yanğın baş verib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, hadisə rayonun Kəmərli kəndində qeydə alınıb.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə şöbəsinin əməkdaşları cəlb olunub. Axşam saatlarında baş verən yanğın zamanı evdə yaşayan 80 yaşlı Oktay Cəlilov yanıb.
Hadisə şahidlərinin bildirdiyinə görə, o evdə tək qalırmış.
Ev yanarkən ətrafda olanların köməyi mümkün olmayıb. Buna səbəb evin əşyalarla tam dolu olması olub.
Ev sahibinin oğlu rayon mərkəzində yaşadığına görə yanğından gec xəbər tutub. Yanmış evdə bir dənə də olsun salamat əşya qalmasa da, ətrafdakıların köməyi ilə evin sahibinin axtarışlarına başlanıb.
Hadisə şahidlərinin bildirdiyinə görə, Oktay Cəlilov çarpayıda yatırmış. Alov evi bürüyəndə o qapıdan çölə çıxmaq istəyib. Bu zaman müvazinətini itirən mərhum qapının ağzında yıxılıb və burada da yanaraq ölüb.
Kənd sakinlərinin köməyilə yanan qalıqlar altından onun bədəninin müxtəlif hissələrini tapmaq mümkün olsa da, cəsədin 90 faiz hissəsi yanaraq kül olub.
Kənd sakinləri bu kimi hadisələrin çox olduğunu və rayon mərkəzindən bu əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının gəlməsinin uzun vaxt tələb olunduğunu deyirlər.
Hələlik yanğının hansı səbəbdən baş verdiyi dəqiqləşməsə də, faktı araşdıran qurumlar elektrik naqillərinin qapanması və qaz sızması üstündə dayanıblar.