Qazaxıstan Məclisində (parlament) “homoseksual münasibətlərin kökünü kəsəcək” qanunun qəbulunu təklif edirlər.
Oxu.Az Tengrinews-a istinadən xəbər verir ki, belə bir təşəbbüslə hakim “Nur Otan” partiyasını təmsil edən deputat Baxtıbəy Smaqul çıxış edib.
Saytın yazdığına görə, söhbət eyni cinsdən olan şəxslər arasında seksual münasibətləri qadağan edən qanundan gedir. Deputat belə qanunların artıq tətbiq edildiyi ölkələrə nümunə kimi Əfqanıstan və Malayziyanı göstərib. O vurğulayıb ki, bu ölkələr “dövlət siyasətində ailə münasibətlərini hər şeydən üstün tuturlar”.
Deputat öz mövqeyini Qazaxıstanın müdafiə qabiliyyəti və demoqrafik vəziyyətlə bağlı narahatlıqları ilə əsaslandırıb:
“Axı müxtəlif oriyentasiyalı (yəni, “qoluboy” – “mavi” – red.) kişilər ölkəmizin sərhədlərini necə qoruyacaqlar? Onlar müdafiəni necə təmin edəcəklər? Ölkəmizin demoqrafiyasına hansı töhfələr verəcəklər?” – deyə, o, bəyan edib.
Deputat həmçinin vurğulayıb ki, “belə münasibətlərə icazə verən ölkələrdə” müdafiə və təhlükəsizlik məsələləri narahatlıq doğurmur.
“Bizim ölkəmiz isə strateji regionda yerləşir, burada gecə və gündüz sayıq olmaq lazımdır” – deyə, Smaqul bildirib.
Qeyd edək ki, bundan əvvəl – may ayında qazax Məclisinin deputatları eynicinsli sevgiyə görə cinayət məsuliyyəti tətbiq etmək təklifi ilə çıxış etmişdilər. Bundan bir qədər əvvəl Qaraqandada ilk lesbiyan toyu keçirilmişdi – lakin sırf formal şəkildə, rəsmi nikah bağlanılmadan.