Quba rayonu ərazisində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.
Baş Prokurorluqdan Oxu.Az-a verilən məlumata görə, dekabrın 25-də gecə saatlarında Bakı-Quba-Dağıstan avtomobil yolunun 175-ci kilometirliyində şəxsiyyəti məlum olmayan sürücü idarə etdiyi dövlət qeydiyyat nişanı və markası məlum olmayan avtomobillə, piyada Qusar rayon sakini Bəhruz Koroğluyevi vurub.
Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Fakta görə Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.
Araşdırma zamanı ölümlə nəticələnən yol nəqliyyat hadisəsinin Xaçmaz rayon sakini Tariyel Məmmədovun idarə etdiyi “QAZ-31105-100” markalı, 27-BS-827 dövlət qeydiyyat nişanlı avtomobillə törətməsində əsaslı şübhələr olduğundan o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
İlhamə Əbülfət