Bu gün Azərbaycan milli mətbuatının yaranmasının növbəti ildönümüdür.
Oxu.Az Photostock.az-a istinadən xəbər verir ki, 1875-ci ildə Həsən bəy Zərdabinin "Əkinçi" qəzetini təsis etməsi ilə əsası qoyduğu yol müasir medianın inkişafında da öz aktuallığını qoruyur.
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin "Multimedia və elektron kommunikasiya" kafedrasının müdiri, Əməkdar jurnalist, professor Qulu Məhərrəmli hesab edir ki, dövr dəyişsə də, jurnalistikanın əsas missiyası dəyişmir.

Professorun sözlərinə görə, Zərdabinin təməlini qoyduğu məlumatlandırmaq və cəmiyyəti maarifləndirmək funksiyaları bu gün də yaşayır.
O bildirir ki, informasiya bolluğu dövründə zərərli və saxta məlumatların artması jurnalistin məsuliyyətini daha da artırır. Onun fikrincə, doğru və dəqiq informasiyanı seçərək cəmiyyətə çatdırmaq jurnalistikanın dəyişməyən əsas prinsipidir və informasiya çirkliliyinə qarşı mübarizədə peşəkar medianın üzərinə böyük məsuliyyət düşür.

Bəzən onlayn medianın özünün də dezinformasiya mənbəyinə çevrildiyini deyən professor hesab edir ki, redaksiyaların saxta xəbərlərlə bağlı aydın siyasəti olmalı, süni intellektdən düzgün istifadə edilməli və media savadlılığı gücləndirilməlidir.
Onun sözlərinə görə, süni intellekt dövründə uğurun açarı bu texnologiyadan düzgün istifadə bacarığıdır. Müsahibin qənaətincə, müasir jurnalistikanın əsasında istedad, intellekt və texnologiyanın sintezi dayanır. Ənənəvi olaraq yazmaq və müşahidə etmək bacarıqları əvvəlki kimi vacib olsa da, artıq texnoloji biliklər də peşənin ayrılmaz hissəsinə çevrilib. Fotojurnalistikanın əhəmiyyətindən danışan professor "Photostock" layihəsini yüksək qiymətləndirərək qeyd edir ki, vizuallığın ön plana çıxdığı dövrdə fotojurnalistika hadisələri cəmiyyətə çatdırmaq baxımından böyük təsir gücünə malikdir.

O, BDU-da bu sahə üzrə kursların keçirildiyini və istedadlı fotomüxbirlərin yetişdiyini vurğulayır.
Qulu Məhərrəmli Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini və bu peşəyə yeni qədəm qoyan gəncləri jurnalistikanın fundamental prinsiplərinə sadiq qalmağa çağırır.
Onun fikrincə, jurnalist hansı mühitdə fəaliyyət göstərməsindən asılı olmayaraq, həqiqətə xidmət etmək, dəqiqlik və obyektivlik prinsiplərini qorumalıdır.
Professor vurğulayır ki, bu prinsiplərdən uzaqlaşan fəaliyyət artıq jurnalistika deyil. "Jurnalistika dünyanın ən ağır, eyni zamanda ən şərəfli peşələrindən biridir.
Şəxsən mən bu illər ərzində bir gün belə jurnalist olduğum üçün peşmanlıq hissi keçirməmişəm", - deyə əlavə edir.
Daha çox foto burada: PhotoStock.az