Xocavənd rayonunda Azıx və Tağlar abidələrində Almaniya, Danimarka və Yaponiyanın beynəlxalq ekspedisiyaları fəaliyyət göstərirlər.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Antropologiya İnstitutundan məlumat verilib.
Qeyd olunub ki, Azıx mağarasında artıq iki ildir ki, Azərbaycan-Almaniya və Azərbaycan-Danimarka beynəlxalq arxeoloji ekspedisiyası fəaliyyət göstərir:
"Danimarka arxeoloji qrupu tərəfindən öz sıralarına Novosibirsk şəhərində yerləşən Rusiya EA Sibir Şöbəsinin Arxeologiya və Etnoqrafiya İnstitutunun iki elmi əməkdaşı cəlb edilib".
Bildirilib ki, hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonası ərazisində, xüsusilə də Azıx və Tağlar abidələrində Almaniya, Danimarka və Yaponiyanın elmi mərkəzləri ilə bağlanmış memorandumlara uyğun müştərək beynəlxalq ekspedisiyalar fəaliyyət göstərir:
"Danimarka və Almaniya ilə əməkdaşlıq yeni başlayıb, Yaponiya ekspedisiyaları isə mövsümi olaraq iştirak edirlər. Rusiya Federasiyasının arxeoloqları isə Danimarka elmi heyəti tərəfindən dəvət edilib və Danimarka ekspedisiya heyətinin tərkibində çalışırlar".
Aygün Mirakif
Rusiya arxeoloqları Azərbaycan həmkarları ilə birlikdə Qarabağdakı Azıx mağarasında qazıntıları bərpa ediblər. Alimlər keçmiş SSRİ ərazisində ən qədim hesab edilən bu mağaranın tarixini yenidən dəqiqləşdirəcəklər və bu da 2 milyon il əvvəl Afrikanı tərk etmiş insanın yayılması haqqında daha tam məlumat əldə etməyə imkan verəcək.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı Rusiya Elmlər Akademiyasının (REA) Sibir bölməsinin Arxeologiya və Etnoqrafiya İnstitutunun Daş dövrü arxeologiyası şöbəsinin müdiri, REA-nın müxbir üzvü Mixail Şunkov TASS-ın mətbuat mərkəzində məlumat verib.
Azıx mağarası Azərbaycanda tarixdən əvvəl insan məskəni kimi tanınan altı mağaradan ibarət kompleksdir. Azərbaycanda ən böyük karst mağarası və Qafqazda ən qədim insan məskənlərindən biri hesab olunur.
"Qarabağ ərazisində apardığımız çox maraqlı işləri qeyd etmək istərdim. Orada uzun müddət ərzində arxeoloji işlər aparılmayıb. Azərbaycanlı həmkarlarımızla birlikdə Azıx mağarasında işləri bərpa etdik. Sovet dövründə SSRİ-nin nəhəng ərazisində bu, ən qədim arxeoloji obyekt idi", - deyə o bildirib.
Şunkov vurğulayıb ki, həmin müddətdən 40 il keçib və tarixləndirmə üçün bu obyekti yeni metodlarla tədqiq etmək lazımdır. "Hazırda onun ətrafında böyük qədimliyə malik erkən Paleolitin bir çox yeni obyektləri var, onlar həmçinin sahilyanı Dağıstanda aşkar edilib", - deyə alim dəqiqləşdirib.
Arxeoloqlar arxeoloji abidənin stratiqrafiyasının öyrənilməsi üzrə işlər aparıblar və tarixləndirmə üçün nümunələr götürüblər. Analiz kvars və çöl şpatı hissəcikləri üzrə aparılacaq. Əvvəllər onun yaşı təxminən 800 min il əvvələ aid edilirdi. Alimin sözlərinə görə, bu, qədim insanın iki milyon il əvvəl tərk etdiyi Afrikadan kənarda yayılması haqqında daha dəqiq məlumat əldə etməyə imkan verəcək.