Dünyaşöhrətli beynəlxalq səyyahların Ağdama səfəri başa çatıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, nüfuzlu MTP (Most Traveled People) klubunun təsisçisi Çarlz Vilinin başçılıq etdiyi beynəlxalq səyahətçilər heyətinə daxil olan 13 ölkəni təmsil edən səyyahlar Ağdam İmarət Kompleksini də ziyarət ediblər.
Qarabağ və Şərqi Zəngəzura səfərdə olan dünya səyyahları Şuşadan sonra Xankəndi şəhərinə gəliblər. Dünyanın 13 ölkəsindən olan 40 nəfərlik heyətə dünyaşöhrətli MTP (Most Traveled People) beynəlxalq səyyahlar klubunun təsisçisi, amerikalı Çarlz Vili rəhbərlik edir.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, beynəlxalq səyyahlar Xankəndi şəhərində yerləşən Zəfər parkını və digər görməli yerləri ziyarət ediblər. Onlara Xankəndi şəhərində həyata keçirilən bərpa və quruculuq layihələri barədə ətraflı məlumat verilib. Qonaqlar regionun yeni inkişaf konsepsiyası, şəhər və rayonlarda müasir infrastrukturun yaradılması, yaşayış məhəllələrinin salınması, sosial obyektlərin inşası və Böyük Qayıdış çərçivəsində görülən işlərlə tanış olublar.


Bundan sonra isə onların Ağdam şəhərinə səfəri başlayıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, Çarlz Vilinin başçılıq etdiyi beynəlxalq səyahətçilər heyətinə daxil olan 13 ölkəni təmsil edən səyyahlar əvvəlcə Ağdam Cümə Məscidini ziyarət ediblər.
Qonaqlara Ağdam Cümə Məscidinin tarixi və təbiəti, işğaldan öncə və işğal dövrü barədə məlumat verilib.
Səyyahlar Ağdam şəhərində işğal zamanı törədilən dağıntılar və işğaldan sonra, şəhərdə aparılan quruculuq işləri, həmçinin digər tarixi və mədəni məkanları ziyarət edəcəklər.




Beynəlxalq səyyahların Şuşa şəhərinə səfəri başa çatıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, səyyahlar Şuşaya səfərləri çərçivəsində İsa bulağından sonra şəhər mərkəzində gəzintiyə çıxıblar.
Gəzinti zamanı səyyahlara Şuşa şəhəri haqqında ətraflı məlumat verilib. Qonaqlar daha sonra Üzeyir Hacıbəyli, Bülbül və Xurşudbanu Natəvanın güllələnmiş büstlərini ziyarət ediblər.
Səyyahlar həmçinin Şuşada aparılan bərpa işləri ilə tanış olublar, Aşağı Gövhər Ağa məscidini ziyarət ediblər. Onlar Şuşanın işğal altında olduğu dövrdə məscidlərin dağıdılaraq yarasız hala salınması, işğaldan azad edildikdən sonra isə şəhərdəki dini məkanların əsaslı şəkildə bərpa olunması barədə məlumatlandırılıblar.
Səfər proqramına uyğun olaraq səyyahlar məşhur tarzən Sadıqcanın ev-muzeyinə də baş çəkiblər, onlara sənətkarın həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilib.
Daha sonra Qala divarlarını ziyarət edən qonaqlar oradan Cıdır düzünə yollanaraq ərazidəki təbiət mənzərələrini seyr ediblər, xatirə fotoları çəkdiriblər.
Dünyaşöhrətli beynəlxalq səyyahlar Şuşa şəhərinə səfər ediblər.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, nüfuzlu MTP (Most Traveled People) klubunun təsisçisi Çarlz Vilinin başçılıq etdiyi beynəlxalq səyahətçilər heyətinə daxil olan 13 ölkəni təmsil edən səyyahların Şuşaya səfəri başlayıb.
Onlar Şuşaya səfərləri çərçivəsində ilk olaraq İsa bulağına baş çəkiblər. Səyyahlara İsa bulağının yerləşdiyi ərazi, Şuşanın tarixi və təbiəti barədə məlumat verilib.
Səfər çərçivəsində beynəlxalq səyyahlar Şuşanın digər tarixi və mədəni məkanlarını ziyarət edəcəklər.
Xocavənd rayonu ərazisindəki Azıx mağarasını ziyarət edən beynəlxalq səyyahlara mağaranın tarixi barədə geniş məlumat verilib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşı Nihat Rəhimli Azıx mağarasının Cənubi Qafqazın ən böyük əhəngdaşı mağarası və Avrasiyanın ən qədim insan məskənlərindən biri olduğunu bildirib.
1960-cı ildən Məmmədəli Hüseynovun rəhbərliyi ilə aparılmış tədqiqatlar nəticəsində ümumi qalınlığı 14.5 metr olan 10 mədəni təbəqə, minlərlə daş alət və fauna qalığı aşkar edilmişdi. Mağarada insan məskunlaşmasının izləri təxminən 1.2 milyon il əvvələ aid edilir. 1968-ci ildə tapılmış, 300-400 min il əvvələ aid qədim insanın (Azıxantrop) alt çənə sümüyü fraqmenti, habelə 700-500 min il əvvələ aid daş divarla əhatələnmiş ocaq xüsusi elmi əhəmiyyət daşıyır".
N.Rəhimli işğal dövründə mağarada ermənilər tərəfindən qazıntı işlərinin aparılması barədə faktları qonaqların diqqətinə çatdırıb.
"İşğal dövründə, 2002-ci ildən etibarən mağarada Ermənistan arxeoloqları tərəfindən xarici tədqiqatçıların iştirakı ilə Azərbaycanın razılığı olmadan qazıntılar aparılmış, əldə olunan tapıntılar Ermənistana aparılmışdı. Bu hərəkətlər 1954-cü il Haaqa Konvensiyasının 1999-cu il İkinci Protokolunun və Arxeoloji irsin qorunması haqqında 1992-ci il Avropa Konvensiyasının tələblərinə ziddir. Hazırda AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu ilə Almaniyanın Leibniz Arxeologiya Mərkəzi (LEIZA) arasında imzalanmış memorandum əsasında Azıx Beynəlxalq Paleolit Arxeoloji Ekspedisiyası üçüncü ildir ki, tədqiqatları davam etdirir. Ekspedisiyada Azərbaycan və Almaniya ilə yanaşı daha 10 ölkədən mütəxəssislər iştirak edir. Mağaranın ikinci girişində (Azıx 2) əvvəllər məlum olmayan geniş qalereya aşkar edilmiş, 2025-ci ildə III təbəqədən götürülmüş nümunələr OSL (Optik Stimullaşdırılmış Lüminessensiya) üsulu ilə təxminən 300 min il əvvələ aid edilmişdi. Mağara 2021-ci ildə Tağlar mağarası ilə birlikdə UNESCO-nun Ümumdünya İrs Siyahısının İlkin Siyahısına (Tentative List) daxil edilmişdir", - deyə qonaqların diqqətinə çatdırılıb.
Qeyd edək ki, səfər Dünya şöhrətli "Most Traveled People" (MTP) klubunun təsisçisi Çarles Veleyin başçılığı ilə həyata keçirilir. Budəfəki heyətə 13 ölkədən (ABŞ, Kanada, Fransa, Almaniya, İsveçrə, Britaniya və s.) təxminən 40 nəfər daxildir, səfər proqramında Azərbaycanın qədim tarixini, böyük keçmişini özündə əks etdirən alban məbədlərinin ziyarəti də var.
Məşhur MTP (Most Traveled People) klubunun təsisçisi Çarlz Vilinin başçılıq etdiyi beynəlxalq səyahətçilərin Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, beynəlxalq səyahətçilər heyəti səfər çərçivəsində Xocavənd rayonundakı Azıx mağarasının yerləşdiyi əraziyə gəlib.
Qeyd edək ki, beynəlxalq səyahətçilər bu gün, həmçinin Şuşa və Ağdam rayonlarına da səfər edəcəklər. Onların oktyabrın 9-da Kəlbəcər-Ağdərə-Laçın, oktyabrın 10-da isə Zəngilan-Cəbrayıl-Füzuli marşrutları üzrə hərəkət etmələri planlaşdırılıb.