Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Sabah Bakının iki rayonunun qaz təchizatında fasilə yaranacaq
Sabah Bakının Xəzər və Suraxanı rayonlarının bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, Xəzər rayonunda magistral qaz kəmərinin müvafiq hissəsinin dayaqlar üzərinə qoyulması və qaz sızmasının ləğvi, Suraxanı rayonunda qaz xətti üzərində təmir-quraşdırma işlərinin aparılması məqsədilə iyunun 19-da saat 09:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə Xəzər rayonu üzrə Mərdəkan bağlar və Stansiya Qala yaşayış massivlərində, Mərdəkan yeni yaşayış massivində, Daxili Qoşunların hərbi hissəsi ətrafında, Suraxanı rayonu üzrə isə Hövsan qəsəbəsində, Bahar, Dədə Qorqud və Sahil yaşayış massivlərində və Zığ bağlarında istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Sabah Hacıqabul, Ağsu və Neftçala rayonlarının bəzi yaşayış məntəqələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Salyan Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, diametri 250 mm PE "Qarasu-Padar" ortatəzyiqli yeraltı qaz kəmərində kipliyin sınağı məqsədilə iyunun 19-da saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək Hacıqabul rayonunun Padar kəndində, eyni zamanda, Ağsu rayonunun Padar Qışlaq kəndində (ümumi 483 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.
Bundan başqa, "Payız-Qış" mövsümünə hazırlıqla bağlı tədbirlər planında nəzərdə tutulmuş işlərin icrası olaraq istehlakçıların təbii qaz təchizatının fasiləsiz, dayanıqlı və təhlükəsiz təmin edilməsi ilə əlaqədar Neftçala rayonunun Bankə qəsəbəsində yeni 500 m³/saat ŞQTM-in quraşdırılması, həmçinin qəsəbənin bir hissəsini təbii qazla təmin edən qaz kəməri üzərində D 80 mm-lik siyirtmənin yenisi ilə əvəzlənməsi məqsədilə sabah saat 10:00-dan etibarən işlər başa çatana qədər Bankədə (ümumi 1 527 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.