Bakının Yasamal rayonu Mikayıl Müşfiq küçəsinin sakini yaşadığı binanın qarşısından keçən yoldakı vəziyyətdən narazıdır.
"Qafqazinfo" xəbər verir ki, vətəndaş nişanın olmasına baxmayaraq, ərazidə piyada zolağının çəkilmədiyini bildirib. Yerüstü nişanın da ağacın budaqları arasında qalaraq görünmədiyini göstərən sakin yaşlıların və uşaqların bu ərazidə təhlükə ilə üzləşəcəyini vurğulayıb.
Şikayətçi qeyd edib ki, yolda bir neçə kilometr məsafədə geriyədönmə və ya həyətlərə daxil olmaq üçün qırıq xətlər də qoyulmayıb. Bu da sakinlərin 20 nömrəli məktəb istiqamətində evlərinə gedərkən Nəriman Nərimanov heykəli və eyniadlı prospekti dolanaraq qayıtmaq məcburiyyətində qalmasına səbəb olur.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, ötən həftə Mikayıl Müşfiq küçəsində təmir və xətlənmə işləri başa çatdırılıb və vətəndaşın qeyd etdiyi hallar artıq aradan qaldırılıb.
Sakinlər Mikayıl Müşfiq küçəsindəki yoldan narazıdırlar
Rəylər