Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Sədr müavini: Dünyada axıdılan qanlar Azərbaycandan uzaqdır
Azərbaycanda insana və insanlığa, onların dini etiqadlarına, irqinə hörmətlə yanaşılır.
Oxu.Az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev deyib.
O bildirib ki, bu gün dünyanın əksər yerlərində baş verən ölümlər, axıdılan qanlar Azərbaycandan uzaqdır:
“Bizim gücümüz əksər dinlərin vəhdətini təşkil edir. Siz diqqət etsəniz, Azərbaycan torpaqları uğrunda şəhid olanlar içərisində müxtəlif dinlərin nümayəndələri olub. İçərisində yəhudilərin, xristianların da olduğu yüzlərlə insan bu torpaqda doğulub boya-başa çatdığı üçün bu torpaqlar uğrunda da canından keçib. Onlar bunu özlərinə vətəndaşlıq borcu biliblər”.
Sədr müavini qeyd edib ki, bu gün ölkədə tolerantlığın yaradılması və bu mühitin qorunub saxlanılmasında dövlət qayğısının da mühüm rolu var:
“Azərbaycan bu gün dünya ölkələri arasında öz tolerantlığı ilə seçilir. Əgər bu istiqamətdə dövlət dəstəyi olmasa, bunu qoruyub-saxlamaq çətin olardı”.
Könül Cəfərli
www.oxu.az