Bir neçə gün əvvəl Ağdam Mərkəzi rayon Xəstəxanasında yarımçıq doğulan əkizlərdən digəri də üç gün sonra tələf olub.
Oxu.Az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli deyib.
Onun sözlərinə görə, körpənin çəkisi cəmi 900 qram olub:
“Onların hər ikisinin də yaşamaq şansları çox az idi. Əkizlərdən biri yolda doğulduğu gün, digəri isə ondan üç gün sonra Pediatriya İnstitutunda tələf olub. Onların hər ikisi oğlan olub”.
Qeyd edək ki, iyulun 19-da 24 yaşlı Aynur Səfərova doğuş üçün Ağdam Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Atası Fikrət Səfərov APA-ya açıqlamasında yarımçıq doğulan əkizlər üçün xəstəxanada küveyzin olmadığını bildirmişdi:
“Nəhayət, küveyz tapıldıqdan sonra onu işlədə bilən həkimin Bərdədə olduğunu bildirdilər. Bərdədən həkimi də gətizdirdik. Gördük ki, burada problem olur, təklif etdik ki, ya Bakıya, ya da Gəncəyə aparmağa göstəriş versinlər. Dedilər ki, bizim buna ixtiyarımız yoxdur”.
F.Səfərovun sözlərinə görə, daha sonra Bakıya aparmaq üçün uşaqları atasına veriblər:
“Lakin bunun üçün hansısa təcili yardım avtomobili verilməyib. Əkizləri taksi ilə Bərdəyə, orada da həkim qəbul etmədiyi üçün Bakıya gətiriblər. Uşağın biri yolda dünyasını dəyişib. Bakıdakı həkimlər bildirdilər ki, əgər uşaqlar vaxtında Bakıya çatdırılsaydı, ölüm faktı baş verməzdi”.
A.Qədirli isə, bu məsələ ilə bağlı Səhiyyə Nazirliyinə heç bir şikayətin daxil olmadığını bildirir.