Şəki rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.
Məlumata əsasən, günorta saatlarında 2 nəfər xəstəxanaya çatdırılıb:
"İyulun 27-də saat 11:30-da Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2 nəfər (kişi cinsli) hospitalizasiya olunub. Hər iki şəxsə zəruri tibbi xidmətlər göstərilib.
Bir nəfərin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir. Digər şəxs isə ambulator müalicə üçün evə buraxılıb".
Şükufə Süleymanlı
Şəki rayonunda VAZ markalı minik avtomobilləri toqquşub, xəsarət alanlar var.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi Şəki-Oğuz avtomobil yolunun Köbər-Zəyzid kəndi ərazisindən keçən hissəsində baş verib.
Hərəkətdə olan VAZ-2107 markalı minik avtomobili VAZ-2101 markalı digər avtomobillə toqquşub. Nəticədə VAZ-2107 yolun kənarındakı çökəkliyə düşüb.
Qəza zamanı VAZ-2101-in sürücüsü və bir sərnişin xəsarət alıb.
Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım Şöbəsinə yerləşdiriliblər. Onlara tibbi yardım göstərilir, şəxsiyyətləri dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.