Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Sərt karantin rejiminin ləğv edildiyi şəhərdə həyat axarına qayıdır - VİDEO
İyulun 20-dən etibarən Lənkəran və Samux rayonlarında sərtləşdirilmiş xüsusi karantin rejimi başa çatıb. Səbəb isə bu rayonlarda yeni növ koronavirus infeksiyasında yoluxma dinamikasının azalmasıdır.
İyunun 21-dən etibarən bir neçə şəhər və rayonlarda olduğu kimi, Lənkəranda da tətbiq olunan sərt karantin rejimi öz nəticəsini verib.
Şəhər sakinləri Nazirlər Kabineti yanında operativ qərargahın qoyduğu qaydalara tam riayət edərək, yalnız SMS icazə ilə evdən çıxıb və sosial məsafəni qorumağa çalışıblar.
Bunlar da müsbətə doğru irəliləyişə və yoluxma sayında azalmaya gətirib çıxarıb. İyulun əvvəllərindən etibarən isə şəhər, demək olar ki, öz əvvəlki həyatına qayıdıb.
Rayonun bütün giriş və çıxışlarında qurulan polis nəzarət postları yığışdırılıb. Bütün iş və xidmət sahələri fəaliyyətlərini davam etdirir.
Lənkəranda insanlarla maarifləndirici söhbətlərin aparılması, şəhər, qəsəbə və kəndlərdə dezinfeksiya və nəzarət tədbirləri də yoluxmanın azalmasına şərait yaradan amillərdəndir.
İndi bütün ticarət mərkəzləri qapılarını alıcıların üzünə açıb. Bir aydır, onlayn xidmət göstərən ictimai iaşə obyektləri də normal fəaliyyətlərinə qayıdaraq, müştərilərinə yerində xidmət göstərməyə başlayıb.
Qeyd edək ki, hazırda ölkə üzrə 14 şəhər və rayonda sərt karantin rejimi avqustun 5-nə kimi uzadılıb.
Daha ətraflı Baku TV-nin süjetində:
Rəylər