Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə iyunun 16-da saat 11.00 radələrində Ələt-Astara magistralının Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.
Salyan rayon sakini Elman Nabatəli oğlu Məmmədovun idarə etdiyi “QAZel” markalı yük avtomobili Bakı istiqamətində hərəkətdə olarkən qarşı tərəfdən gələn Lənkəran rayon sakini Ramal Səxavət oğlu Bədəlovun idarə etdiyi “Shacman” markalı yük avtomobilinə çırpılıb.
Qəza nəticəsində “QAZel”in sürücüsü ilə yanaşı, sərnişinləri - Hacıqabul rayon sakinləri Əhəd Əvəz oğlu Tapdıqov, Vüqar Abidin oğlu Heydərov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad və Biləsuvar Mərkəzi Rayon xəstəxanalarına yerləşdiriliblər. Yaralılardan “QAZel”in sürücüsü E.Məmmədovun vəziyyətinin daha ağır olduğu bildirilir.
İlkin versiya kimi qəzaya “Shacman”ın sürücüsünün sükan arxasında yuxulu olması səbəb göstərilir. Qəzanın dəqiq səbəbləri isə həyata keçirilən avtoekspertizanın rəyindən sonra məlum olacaq.
Faktla bağlı araşdırma aparılır.