Aqşin Yenisey yazır...
30 may 1931-ci ildə morfi aludəçisi Bulqakov Stalinə yazırdı: “Çox hörmətli İosif Vissarionoviç! Ağır əsəb gərginliyi, qorxu içindəyəm, ürəyim sıxılır… Mən təklikdə qorxu qıcolmaları keçirirəm...” Stalin isə bu vaxt əlində Bulqakovun məktubu öz kabinetində bu dahi yazıçının torbasını tikməkdən ötrü böhtanı böhtana calayan miskin müasirlərinin şərindən onu qorumaq üçün belə deyirdi: “Bu o demək deyil ki, bu və ya digər incəsənət nümayəndəsi heç vaxt islah oluna bilməz, öz səhvlərindən qurtula bilməz, onu izləmək lazımdır, səhvlərindən qurtulmağa hazır olan anda isə zəhərləmək…”
Telefonda isə Bulqakovun özünə başqa şey deyirdi İosif Vissarionoviç: “Sizə ölkədən çıxıb getməyə şərait yaradaq? Nə olub axı, biz sizi bu qədərmi bezdirmişik? Mən son zamanlar çox düşünürəm, görəsən, rus yazıçısı vətəndən kənarda yaşaya bilərmi? Və mənə elə gəlir ki, yaşaya bilməz...”
Bir dəfə Stalin təsadüfən istedadlı yazıçı və şairləri şərləməklə “görəvləndirilmiş” Yazıçılar İttifaqının məsul şəxslərindən soruşdu ki, Bulqakov təzə nə yazır? Həmin gün Yazıçılar Birliyi cavab olaraq yazıçıya ev verdi.
Stalin Bulqakovun həyatını əsl kabus, yaradıcılığını isə peşəkar bir tənqidçi kimi izləsə də, onunla həmişə dördüncü, beşinci adamlar vastəsi ilə əlaqə saxladı, hər ikisi görüşməyə can atsa da, onlar heç vaxt təkbətək görüşmədilər.
Bulqakov çox gec anladı ki, Stalin onun taleyidir və bunu anlayanda yorğan-döşəyə düşdü, bir daha da qalxmadı.
Hər kəsi sənətə, o sənətin tən ortasında fırlanıb dörd yanına göz vuran bir uğur mayakı çağırır və hər kəs sənətin işıqgələn səmtinə gedib qara divlərlə qarşılaşır – söhbət yaradıcı çevrələrdə dombalan bitkisi kimi peyda olan məşiət meşşanlarından, tale nökərlərindən getmir, çünki belələri hətta sənəti sevsə də, sənətin ruhu belələrini heç vaxt sevmir.
Mənəvi aclıqdan, intellektual ehtiyacdan törəyən sənət, həmişə özünün xoşbəxtlərini deyil, bədbəxtlərini, toxlarını deyil, aclarını daha yüksək qiymətləndirir. O adamları ki, bu yolda heç vaxt şəxsi bədbəxtlikləri ilə mübarizə aparmırlar, şəxsi faciələri ilə ər-arvad kimi boğuşmaq səviyyəsinə enmirlər, Sənət və Həyat seçimi qarşısında tərəddüd etmədən birincini seçirlər və əsl həngamə də bundan sonra başlayır. Sənətə dost olanlar gec-tez Həyatın düşmənlərinə çevrilirlər. Yaradıcılıq həyatla bu düşmənlikdən başlayır.
Həyatla cici-bacı olan zəif iradəli adamların sənətlə məşğul olduğu bir zəmanədə yaşayırıq. Əgər biz insanoğlunun bu gün əlində tuta bildiyi ən qədim kitablara, məsələn, şumerlərin “Enuma Eliş” dastanına göz gəzdirsək, orada da yaradalışın bir ilahi qarşıdurmanın, düşmənçiliyin nəticəsi olaraq ortaya çıxdığını görərik. İnsanın bədənləşməsi tanrıların düşmənçiliyinin nəticəsidir.
Bir-birinə dost olan tanrılar heç vaxt insanı, yəni Əsəri sevməyiblər. Gerçəklik dediyimiz bəşəri qələbəlik bu ilahi modelin, mifoloji idrakın üstündə qurulub. Bu gün də əsl yaradıcı insanın cəmiyyətdəki düşmən obrazı onun ən təbii, ən ilahi, ən mifoloji halıdır. Ancaq bu gün bu nöqtədən baxdıqda bizim yazarın düşmən kəsildiyi nəsnələrin, ideologiyaların, məfhumların olmadığını görəcəyik. O, onu yazmağa qoymayan hansı qorxu hissi ilə döyüşür və hansı təhlükəyə qulaqlarını şəkləyir? Axı biz, ilahi yaradılışın, onun yerdəki modeli olan insani yaradıcılığın səbəbində həyati təhlükənin olduğunu bizə söyləyən qədim mətnlərin varisləriyik.
Və bizə yazar olmanın hər şeydən əvvəl bir refleks, insanlığı izləyən təhlükələrə qarşı şərtsiz bir refleks olduğunu ta qədimdən öyrədiblər!
Bu yerdə filosof Müşfiq Şükürovun status şəklində yazdığı cəmiyyət üzərində çox dəqiq bir müşahidəsini bölüşmək yerinə düşər: “Psixologiyanın “inkişafı” ilə bir əziklik, çarəsizlik sahibləndi deyəsən insanlığa. İnsanlar qurban moduna girdilər. Yaşadıqları həyatı yalnız travmatik təcrübə kimi qavramağa başladılar. Əslində isə həyat travmatikdir, bəli. Onun bizi böyütmək üçün başqa metodu yoxdur ki! Amma indiki yanaşma həp ətrafda günahkar axtarmağa yönəlib. Ailə, ata, ana, məktəb... hər kəs günahkardır, o üzdən heç kim öz həyatına və etdiklərinə məsuliyyət daşımaq istəmir. Əziklik aşılanır insanlara dolayısı ilə. Dəniz tısbağalarının, giyena, aslan balalarının, yoxsa suitilərin, pinqvinlərin həyatında travma olmur? Kim ağla saldı travmasız həyat konseptini?”
Müasir insan əzikliyi, çarəsizliyi könüllü qəbul edərək gizli konformist maraqlarını düşünür. Məzlumluq, altda qalmaq ona daha yaxşı yaşamaq vəd edir. Humanizm onda əks effekt verir, onu kamil insana, Yuval Hararinin terminologiyası ilə desək, homo deusa (tanrı insan) çevirmək əvəzinə zoopark sakininə çevirir.
Zoopark sakininin rahatlığına həsəd aparan sənət adamlarına çevrilmişik. Şekspirin, yaxud Cəfər Cabbarlının qəhrəmanı bu vəziyyətdə belə deyərdi: - Ya şeytan! Bizim qəlbimizə gir və onun ictimai, əxlaqi qorxularını yox et!
Zoopark demişkən, yəqin ki, çoxunuz ev itlərinin kədərli, nisgilli gözləri ilə qarşılaşmısınız, yaxud filmlərdə insan kimi sifətini sallayıb üzüntüsünü ifadə edən “aktyor” itləri görmüsünüz. Görməmisinizsə, yapon professor Uenonun iti, ölmüş sahibini yola saldığı metro girişində 9 il gözləyən Haçikonun şəkillərinə və filminə baxın.
ABŞ Milli Elmlər Akademiyasının “Məlumatlar kitabı”nın verdiyi məlumata görə, insanlarla yaşamağa başladıqdan sonra itlərin üzündə yeni üz əzələləri əmələ gəlib ki, bu əzələlər onların vəhşi növlərində yoxdur. Belə ki, itlər 33 min il əvvəl əhilləşdikdən sonra uzun illər insanlarla bir yerdə yaşadıqları müddətdə insanlarda mərhəmət duyğusunun olduğunu, onlara yaltaqlanan, yavıncıyan kəslərə rəhm etdiklərini hiss etdilər. İnsanlar onlara quyruq bulayan, onların köməyinə ehtiyacı olduğunu göstərən itlərə daha çox diqqət və qayğı göstərirdilər. Bu, əhilləşmədə bir it kəşfi idi və bu kəşf ev itlərində vəhşi əcdadlarında olmayan yeni yazıqlıq, qüssə, kədər ifadə edən üz əzələləri yaratdı. İtlər insanlarla yaşaya-yaşaya insan sifəti aldılar.
Bulqakov ABŞ Milli Elmlər Akademiyasından illər əvvəl “İt ürəyi”ndəki Şarikin timsalında sovet insanının obrazını yaradarkən, əziklik, yazıqlıq ifadələrini avantaja çevirən bu itləşmiş insan xislətini çox dəqiq təsvir etmişdi.
Sənət prinsipləri iddia edir ki, həyatda heç nə gözəl deyil, onu yalnız eybəcərliyə müqavimət göstərərək gözəlləşdirmək olar. Bu gün Azərbaycanda sənət hansı ictimai eybəcərliyə müqavimət göstərir? Məsələn, Azərbaycan Yazıçılar Birliyi cəmiyyətdəki hansı eybəcərliyə müqavimət göstərib onu gözəlləşdirmək istəyir, deyilənə görə, pul-para problemləri də yoxdu.
Bu cür ittifaqlar konformist qocaları və onlarla tay-tuşluq edən gəncləri “qidalandırmaqdan” başqa nə işə yarayırlar? Ona görə ədəbiyyatımızın küncləri boş, ortası doludur, yaradıcılıq bir şıdırğılıq, canfəşanlıq hadisəsinə çevirilib. Yaradıcı tip təkcə daşlaşmış, bərkimiş böyük həqiqətlərə müxalif olmamalıdır, o, eyni zamanda xırda, işlək həqiqətlərə də baş qoşmağı şəninə sığışdırmağı bacarmaldır. Ancaq o, əzikliyi seçir, çarəsizliyi qəbul edir, dəniz tısbağasının balası qədər də dirənmək istəmir həyata.
Buna görə özünün hiss etdiyi yalanı deyil, cəmiyyətin eşitmək istədiyi həqiqəti yazır. Nə vaxt baxsan onu, əlində yavan çörək, xalqın arasında avaralanan yerdə görəcəksən. O, güllələnməkdən qorxmalı olduğu halda, acından ölməkdən qorxur. Qorxu kiçildikcə, məna ölür, üslub, estetika bayağılaşır. Hətta vəhşi təbiətdə də üslubu, estetikanı təhlükənin mövcudluğu yaradır, çünki üslub, estetika çıxış yollarının ən mükəmməlinin tapılması çabasıdır. Bu çabanın hiss olunmaması sənətin və o sənətdən mədət uman cəmiyyətin fəlakətidir.
Yəhudi realizmində fransız, alman, rus realizmindən fərqli olaraq faciənin baş qəhrəmanı fərd yox, millətdir və bu şəklinə görə Azərbaycan realizmi haradasa yəhudi realizminə yaxın bir mövqe tutmalıdır. Çünki son 200 ilin “yəhudiləri” də bizik, amma yəhudilərdən fərqli olaraq bizi iki əsrdən çoxdur ki, öz vətənimizdə didərgin salıblar, bizi öz vətənimizdə azdırıblar. Ona görə bizdə də millət faciələri insan faciələrinin önünə keçməlidir. Yəni “Olum və ya Ölüm” seçimi bizdə fərdi yox, milli seçim olmalıdır. Bəs necə olur ki, yəhudilər, az qala, unudulmuş faciələrindən bu qədər canlı səhnələr yarada bilirlər, ancaq biz, məsələn, qanı qurumamış Xocalını dünya insanın kafasında canlandıra bilmirik?
Yəhudilərin timsalında sənətin boynuna düşən bir öhdəliyin adını çəkdim. Büdcədən qidalanan yaradıcı ittifaqlarda bir dəfə bu sualla bağlı bir müzakirənin təşkil olunduğunu eşidən, görən varmı aranızda?
Yenə də deyirəm, söhbət yaradıcı çevrələrdə dombalan bitkisi kimi peyda olan məşiət meşşanlarından, tale nökərlərindən getmir…