Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Sumqayıtda partlayış baş verən binaya elektrik enerjisi və qaz nə vaxt veriləcək?
"Sumqayıtda 13-cü mikrorayonda partlayışla bağlı kəsilən elektrik enerjisinin nə vaxt veriləcəyi ilə bağlı hələ ki, dəqiq vaxt demək mümkün deyil".
Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq "Azərişıq" ASC-dən verilib.
Qeyd olunub ki, baş vermiş hadisə ilə bağlı təhlükəsizlik məqsədi ilə partlayış olan bina ilə yanaşı, ətrafdakı binalara da elektrik enerjisinin verilməsi dayandırılıb.
"Hazırda "Azərişıq" əməkdaşları da hadisə yerindədirlər. Partlayış baş verən binaya gələn ümumi xəttin üzərində olan binalara elektrik enerjisinin verilməsi bizdən asılı bir məsələ deyil.
Bu, Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının verəcəyi qərara bağlıdır. Onlar ərazidəki təhlükəsizlik tədbirlərini yekunlaşdırıb nə zaman məsləhət bilsələr, həmin an elektrik enerjisinin verilməsi təmin olunacaq", - deyə məlumatda bildirilir.
"Sumqayıtda, 13-cü mikrorayonda partlayışla əlaqədar olaraq kəsilən qazın verilişi günün ikinci yarısında bərpa olunacaq".
Bu məlumatı Oxu.Az-ın sorğusuna cavab olaraq "Azəriqaz" İstehsalat Birliyinin şöbə müdiri Eldəniz Vəliyev verib.
"Hadisə baş verən anda təhlükəsizlik səbəbindən əraziyə qazın verilməsi dayandırılmışdı.
Günün ikinci yarısında hadisənin baş verdiyi bina istisna olmaqla, təhlükəsizlik tam təmin olunduqdan sonra ətraf binalara qazın verilməsi təmin olunacaq. Hadisə baş verən binanın qazı isə istintaq getdiyinə və təhlükəsizlik qaydaları pozulduğuna görə hələ ki verilməyəcək.
Novxanıda baş verən partlayış fərdi yaşayış evində olub. Bu barədə istintaq getdiyi üçün nəsə deyə bilmərəm. Ətraf ərazilərdə isə qaz kəsilməyib", - deyə E.Vəliyev bildirib.
"Sumqayıt Şəhər İcra Hakimiyyəti bu gün səhər saatlarında şəhərin 13-cü mikrorayonu ərazisində baş verən partlayışla bağlı müvafiq tədbirlər görür".
Bu məlumatı Oxu.Az-ın sorğusuna cavab olaraq Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətinin rəhbəri Eyvaz Qocayev verib.
O qeyd edib ki, partlayış nəticəsində zərərçəkmiş evlərdə yaşayan ailələr müvəqqəti olaraq yaxınlarının evlərində məskunlaşıblar.
"Hadisənin nəticələrinin aradan qaldırılması üçün Sumqayıt Şəhər İcra Hakimiyyəti və aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlər görülür.
Hazırda mütəxəssislər tərəfindən zədələnmiş binanın texniki vəziyyəti ilə bağlı araşdırmalar aparılır. Veriləcək ekspert rəyləri əsasında binanın bərpası və ya digər zəruri tədbirlər barədə qərar qəbul ediləcək.
Sumqayıt Şəhər İcra Hakimiyyəti hadisə baş verən andan etibarən vəziyyəti nəzarətdə saxlayır. Zərərçəkmiş ailələrə lazımi dəstəyin göstərilməsi, sakinlərin təhlükəsizliyinin təmin olunması və yaşayış şəraitinin bərpa edilməsi üçün bütün resurslar səfərbər edilib", - deyə açıqlamada bildirilir.
Qeyd edək ki, hadisə nəticəsində altı nəfər xəsarət alıb. Ətrafdakı binalara və maşınlara ziyan dəyib.
Əzizə İsmayılova
"Sumqayıt Şəhər İcra Hakimiyyəti" teqi üzrə xəbərlər
- "Məhəllələrdə asfalt örtükləri dağılıb" - Sumqayıtdan ŞİKAYƏT
- Zəfər Günü münasibətilə Bakıda hərbi yürüş keçirilib
- Səkini zəbt edən mağaza vitrinləri - SUMQAYITDAN ŞİKAYƏT var
- Binəqədi və Abşeron rayonlarının bəzi ərazilərinin Sumqayıta verilməsinin hansı üstünlükləri var?
- Körpü qəzalı vəziyyətə düşdü, işıqforun işi dayandırıldı: Sumqayıtdakı problemə kim əlac edəcək?
Rəylər