"Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində Müsəlman Dini İdarələri Rəhbərlərinin Şurası uğurla fəaliyyət göstərir və biz onun fəaliyyətini yüksək qiymətləndiririk. Eyni zamanda bu gün Şuşada əsasını qoyduğumuz yeni platformanın vacibliyi strateji bir zərurətdən - dövlətlərarası səviyyədə hüquqi və institusional təhlükəsizlik arxitekturasını qurmaq ehtiyacından doğur. Məhz rəsmi dövlət qurumları səviyyəsində çoxtərəfli əməkdaşlığın qurulması böyük türk ailəsinin mənəvi bütövlüyünə, ideoloji təhlükəsizliyinə və ortaq gələcəyinə birbaşa xidmət edən tarixi missiyadır".
Oxu.Az-ın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov TDT-yə üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Birinci görüşündə deyib.
"Platformamız çərçivəsində Prezident İlham Əliyevin sərəncamı ilə təsis edilən və bu gün mütərəqqi dini-akademik təhsilin mərkəzinə çevrilən Azərbaycan İlahiyyat İnstitutunun geniş potensialından istifadə olunmasını, institutumuz ilə TDT-yə üzv ölkələrin aparıcı dini təhsil müəssisələri arasında qarşılıqlı təcrübə mübadiləsinin, birgə elmi araşdırmaların və akademik əməkdaşlığın qurulmasını xüsusilə önəmli hesab edirik. Bu elmi-tədris şəbəkəsi vasitəsilə alimlərimizin və mütəxəssislərimizin intellektual gücünü birləşdirərək, türk dünyasının ortaq mənəvi irsini, islam sivilizasiyasına mühüm töhfələr vermiş böyük mütəfəkkirlərimizin elmi-fəlsəfi irsini birgə yaşatmaq əzmindəyik", - deyə R. Məmmədov vurğulayıb.
O əlavə edib ki, bu xüsusda Azərbaycanın işğaldan azad edilən ərazilərində talana məruz qalan, təhqir edilərək ümummüsəlman və ümümbəşəri mənəviyyatına ağır zərbə vuran vandalizm aktlarına qarşı tarixi-dini mədəni irsimizin qorunması, bərpası və bu əməllərin beynəlxalq müstəvidə ifşası istiqamətindəki əməkdaşlığımızı strateji xəttə çeviririk:
"Biz ilk dəfə olaraq dövlət səviyyəsində mərkəzləşdirilmiş informasiya və təcrübə mübadiləsi apararaq radikalizmə, kənar ideoloji müdaxilələrə və cəmiyyətlərimizin ənənələrinin əleyhinə yönəlmiş təhdidlərə qarşı ortaq mövqedən çıxış etmək imkanlarımızı genişləndiririk. Əminəm ki, əsasını qoyduğumuz bu yeni əməkdaşlıq platforması dini sahəyə məsul dövlət qurumlarımızı ortaq hədəflər ətrafında daha sıx birləşdirəcək, gələcəyə doğru gedən yolda ən güclü mənəvi və hüquqi sütunlardan biri olacaq".