"Dini abidələrin bərpası keçmişə ehtiramın, milli yaddaşa bağlılığın və gələcək nəsillər qarşısında məsuliyyətin göstəricisidir".
Oxu.Az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Ramin Məmmədov Mədəniyyət Nazirliyi və DQİDK-nın birgə təşkilatçılığı ilə keçirilən "Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər" mövzusunda təşkil olunmuş konfransda deyib.
"Prezidenti İlham Əliyevin müəyyən etdiyi siyasətə uyğun olaraq bu gün ölkəmizdə mədəni irsin qorunması dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Tarixi və mədəniyyət abidələrinin mühafizəsinə dair qanunvericiliyin təkmilləşdirilməsi, onların bərpası və gələcək nəsillərə çatdırılması istiqamətində həyata keçirilən tədbirlər, qəbul olunmuş qərarlar bu siyasətin ardıcıl, sistemli və məqsədyönlü xarakter daşıdığını göstərir", - deyə sədr vurğulayıb.
Ramin Məmmədov dünyada multikultrulaizmin, bəşəriyyətin mədəni irsinə münasibətin ən yaxşı nümunələrdən birini yaratmağa müvəffəq olduğumuzu deyib.
"Lakin bu gün qarşımızda vacib bir sual da dayanır: tarixi-dini abidələri bərpa etdikdən sonra onları necə qorumalı və yaşatmalıyıq? Burada nəzərə alınması son dərəcə vacib olan bir məqam da var: hər abidənin öz tarixi, özünəməxsus mənəvi məzmunu və cəmiyyətdəki yeri nəzərə alınmalıdır. Xüsusilə məscid, ziyarətgah, türbə və digər tarixi məkanlara münasibətdə bu məsələ daha həssas yanaşma tələb edir. Çünki onlar həm mədəni irs nümunəsi, həm də insanların dini və ictimai həyatının bir parçasıdır. Məhz bu baxımdan yanaşdıqda, tarixi-dini abidənin bərpası prosesin sonu deyil, yeni bir mərhələnin başlanğıcıdır. Bu mərhələdə aidiyyəti dövlət qurumlarının, mütəxəssislərin və dini icmaların əlaqələndirilmiş fəaliyyətinə ehtiyac yaranır. Təbii ki, burada ictimaiyyətin dəstəyi də xüsusi əhəmiyyət kəsb edir. Mədəniyyət Nazirliyi tarixi-mədəni irsin öyrənilməsi, mühafizəsi, konservasiyası və bərpası istiqamətində, DQİDK isə dini icmalar, din xadimləri və ibadət məkanları ilə birbaşa işləyən qurum kimi bu prosesdə mühüm əlaqələndirici imkanlara malikdir. Bu iki istiqamətin uzlaşdırılması tarixi-dini abidələrin qorunmasına vahid və davamlı yanaşmanın formalaşmasına imkan verə bilər", - deyə komitə sədri vurğulayıb.