Bir çox şadlıq saraylarında toydan sonra atəşfəşanlıq edilir. Bu isə şadlıq sarayı yaxınlığında yaşayan sakinlərin narahatlığına səbəb olur.
Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, bu cür atəşfəşanlıqlar qanunla qadağan edilsə də, onlar, demək olar ki, hər gün təkrarlanır.
Toydan sonra edilən atəşfəşanlığın səsi qulaq batırır. Bu hal dəqiqələrlə, hətta yarım saata qədər davam edir.. Üstəlik, bu hal, demək olar ki, hər gün gecə saat 12:00-dan sonra baş verdiyindən insanların istirahəti pozulur.
Şadlıq saraylarından isə bildirilir ki, toy sahibləri özləri bu xidməti göstərən şirkətlərlə əlaqə saxlayır və atəşfəşanlıq təşkil edirlər. Restoran rəhbərliyi icazə vermədiyi halda onlar atəşfəşanlığı restoran ərazisindən kənarda edirlər.
Hüquqşünaslar isə bu halın inzibati xətalar məcəlləsinin 521-ci maddəsi ilə qadağan edildiyini və gecə vaxtı insanların istirahət hüququnu pozanların böyük məbləğdə cərimələnməli olduğunu bildirirlər.
Qanunla qadağan edildiyi halda, bu hal, demək olar ki, hər gün təkrarlanırsa, deməli, müvafiq qurumlar qanuna nəzarəti gücləndirməlidir. İlk növbədə isə hüququ pozulan vətəndaşlar bununla bağlı ərazi üzrə polis bölmələrinə müraciət etməlidir.
E.C.
www.oxu.az