Kürdəmirdə üç avtomobilin iştirakı ilə baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı yeni detallar məlum olub.
“Qafqazinfo” xəbər verir ki, qəzada ölən Rauf Bəkirov kənd təsərrüfatı sahəsində çalışan gənc mütəxəssis olub.
Qəza zamanı R.Bəkirov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Avtomobildə olan sərnişini, həyat yoldaşı Ruşanə Əliyeva isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya aparılıb.
Bildirilir ki, R.Bəkirov şirkətlərdən birində aqronom kimi çalışırmış. O, bu il iyunun 22-də Ruşanə ilə ailə həyatı qurubmuş.
Hadisə yeni evlilər rayondan Bakıya qayıdarkən baş verib.
09:48
Kürdəmirdə üç avtomobilin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə gecə saatlarında Kürdəmir-Zərdab yolunda rayonun Köhünlü kəndindən keçən hissəsində qeydə alınıb.
Bakı şəhər sakini 29 yaşlı Bəkirov Rauf Kamal oğlu “Hyundai” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Bu zaman sürücü əvvəlcə qarşısında hərəkət edən qoşqulu traktora, sonra isə onunla əks istiqamətdə hərəkət edən “Ford” markalı mikroavtobusa çırpılıb. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Hadisə zamanı ağır dərəcəli bədən xəsarəti alan Rauf Bəkirov təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatının xilas etmək mümkün olmayıb və sürücü xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.