Uşaq özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz.
Oxu.Az xəbər verir ki, sözügedən məsələ Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində müzakirəyə çıxarılan "Uşaq hüquqları haqqında" Qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, uşağın Azərbaycan Respublikasının prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada bilavasitə, qanuni nümayəndəsi (həmin şəxslərin uşağa qarşı hüquq pozuntusu törətməsinə şübhə olduğu hallar istisna olmaqla) və ya nümayəndəsi vasitəsilə öz hüquq və azadlıqlarının, habelə qanuni mənafelərinin müdafiəsi ilə bağlı inzibati orqana, polis, prokurorluq orqanlarına və ya məhkəməyə müraciət etmək, eləcə də onların hərəkətindən (hərəkətsizliyindən) və qərarlarından şikayət etmək hüququ var.
Qeyd olunur ki, polis və prokurorluq orqanları cinayət törətmiş, cinayətin qurbanı olmuş, valideynin və ya ailəni dolandıran şəxsin həbs olunması, habelə cinayət prosesini həyata keçirən orqanın digər hərəkətləri və hərəkətsizliyi nəticəsində nəzarətsiz, baxımsız qalmış, həyat üçün zəruri vəsaitlərdən məhrum olmuş uşaqların hüquqlarının, azadlıqlarının, habelə qanuni mənafelərinin müdafiəsi üçün tədbirlər görür.
Bildirilir ki, uşaqlar barəsində icraatın bütün mərhələlərində prosedurların uşaq üçün aydın və əlçatan olması təmin edilir.
Həmçinin cinayət törətməkdə təqsirləndirilən uşağın barəsində cinayət təqibi həyata keçirilərkən müvafiq orqanlar tərəfindən həbsə alternativ qətimkan tədbirlərinin tətbiq edilməsinə üstünlük verilməli və Azərbaycan Respublikasının cinayət prosessual qanunvericiliyində müəyyən edilmiş qaydada uşağın hüquq və azadlıqlarının təmin edilməsinin əsas prosessual təminatlarına riayət edilməlidir. Uşaqlar yaşına, cinsiyyətinə və şəxsiyyətinin xüsusiyyətlərinə görə tələb olunan qulluq, müdafiə və digər fərdi yardımla təmin edilirlər.
Məlik Məlikov