Exo qəzetinin saytında oxucular arasında “Zəngin azərbaycanlılara münasibətiniz necədir?” mövzusunda sorğu keçirilib.
Oxu.Az xəbər verir ki, bir ay ərzində keçirilmiş sorğu maraqlı nəticələr verib. Belə ki, oxucuların əksəriyyəti zəngin azərbaycanlılara etibar etmədiklərini bildiriblər.
Səs verənlərin 61%-i belə düşünür. Sorğuda iştirak edənlərin 26%-i hesab edir ki, zəngin azərbaycanlılar hər şeyə biganə insanlardır. 7% onlara hörmətlə yanaşır, 5% isə onlara həsəd apardığını açıq şəkildə bildirib. Bəs səsvermənin bu nəticələri nə ilə əlaqədardır və nə üçün oxucuların əksəriyyəti varlı azərbaycanlılara inamsız yanaşır?
Müstəqil iqtisadçı Oqtay Haqverdiyev hesab edir ki, məsələ zəngin insanların öz pullarını necə qazanmalarından ibarətdir.
“Əgər var-dövlət düzgün yolla qazanılıbsa, o zaman mən varlı insana böyük hörmətlə yanaşıram. Bax elə bu “əgər” vətəndaşların inamsızlığının əsas səbəbidir. Və bizim bütün zəngin insanlarımızın öz var-dövlətlərini düzgün yolla qazanmaları sual altındadır. Yəqin onların da arasında belələri var. Lakin düşünürəm ki, söhbət Azərbaycandakı zəngin insanlardan gedərkən, mən onların arasında var-dövlətini tamamilə düzgün yolla qazanmış bir nəfəri də tanımıram. Buna görə də, mən ümumilikdə razılaşa bilmərəm ki, zəngin insanlar zəngin olmağa layiqdirlər. Mən insanların varlı olmasının tərəfdarıyam – lakin düzgün yolla. Zəngin insanlara belə inamsız münasibət məhz bununla bağlıdır. Bir daha təkrar edirəm, bizim ölkəmizdə həmişə bu “əgər” ortaya çıxır”.
Öz növbəsində psixoloq V.Əlibəyova sorğunun nəticələrinə dair şəxsi mülahizələrini paylaşıb.
“Bizdə varlanmaq həvəsi mentalitetdən irəli gəlir. Prinsipcə, bu, tamamilə yaxşı istəkdir. Lakin bununla yanaşı, bizdə bir çox məsələdə varlı insanlara qərəzli yanaşırlar və bu həmçinin onunla bağlıdır ki, varlı insanlar özlərini o qədər də adekvat aparmırlar. Pulu olan insan ya bunu nümayiş etdirir, ya da maddi baxımdan ondan aşağı olan insanlara yuxarıdan baxır. Pulu olan insanların əksəriyyəti xeyriyyə işi ilə az məşğul olur, var-dövlətini göstərməyi xoşlayır, onlarla çalışan insanları və ya maddi baxımdan onlardan aşağı olanları alçaldırlar. Bu, vətəndaşların varlı insanlara inamsız münasibətinin bir səbəbidir. Cəmiyyətdə belə rəy formalaşıb ki, varlı insan pulunu qeyri-düzgün yolla qazanıb.
İkinci səbəb isə paxıllıqdır, buna görə də, insanlar varlı azərbaycanlılara qərəzli yanaşırlar. Düzdür, varlıların arasında normal insan olaraq qalanlar, xeyriyyə işi ilə məşğul olanlar var” – deyə, psixoloq bildirib.