Ötən gün püskürən və alovunun hündürlüyü 300 metr yüksəkliyə qalxan Otman-Bozdağ vulkanının ətrafında araşdırmalar davam edir.
Oxu.Az-ın Xezerxeber.az-a istinadla bildirdiyinə görə, məlum olub ki, yerin altından qaynayaraq çıxan torpaq 2 metr qalınlığda 12 hektarlıq geniş əraziyə yayılıb. Ətrafda dərinliyi 7 metrə çatan geniş çatlar əmələ gəlib, hər yerdə içində hələ də isti palçığın olduğu çuxurlar var.
Ötən gün püskürən vulkan yaşayış sahələrindən 8-10 kilometr uzaqlıqda yerləşdiyindən hadisə nəticəsində hər hansı bir şəxsə və tikiliyə ziyan dəyməyib.
Vulkanın baş verdiyi ərazilərə yaxınlaşdıqca torpaq sürüşmələri və dərin çuxurlar çoxalır, hər tərəfdə palçığı görmək olurdu. Araşdırma nəticəsində məlum olub ki, belə çatların dərinliyi bəzi yerlərdə, hətta 7 metrə qədər çatır.
Ekologiya və Təbi Sərvətlər Nazirliyinin Vulkanlar qoruğunun direktoru Ceyhun Paşayev bildirir ki, vulkan adətən birinci püskürmə zamanı gücünü itirdiyindən yenidən başvermə ehtimalı çox az olur, amma bunu yenə də dəqiq demək mümkün deyil.
Hazırda nazirliyin əməkdaşları vulkanın qalıqlarından nümunələr götürüb və ərazidə araşdırmalarını davam etdirirlər.
İ.N