Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Xalq artistini xəstəxanadan buraxıb, Bakıdan çıxmasına qadağa qoydular
Xalq artisti Şahnaz Haşımova bu gün evə buraxılır.
Bu barədə Oxu.Az-a Xalq artistinin nəvəsi Eldar Abdullayev məlumat verib.
Xatırladaq ki, ötən həftə səhər saatlarında Xalq artisti Şahnaz Haşımovanın səhhəti pisləşib. O, dərhal Gəncədə 1 nömrəli Şəhər Xəstəxanasına yerləşdirilib. Bir gün sonra Bakıda Mərkəzi Gömrük Hospitalına köçürülüb.
Xalq artistinin nəvəsi Şahnaz Haşımovanın indilərdə xəstəxanadan çıxarılacağını bildirib:
“Bu gün nənəm evə buraxılır. Bu dəqiqə onu xəstəxanadan çıxarmağa gəlmişik. Çox yaxşıdır. Evdə müalicəsi davam edəcək. Həkim deyib ki, evdə tam sakitlik olmalıdır. 10 gün dincəlməlidir. Bakıdakı evimizdə qalacağıq. Gəncəyə gedə bilmirik. Həkim yol getməyə icazə vermir. Silkələnmək olmaz. Beyninə təsir edə bilər”.
E.Abdullayev nənəsinin təzyiq və şəkərini normaya düşdüyünü qeyd edib:
“Təzyiq və şəkəri normallaşıb. 10 gün sonra yenidən yoxlanışa gələcəyik. Danışa bilir, yeriyir. Heç bir problemi yoxdur. Həkim deyib ki, şüadan və səs-küydən uzaq qalmalıdır”.
Qeyd edək ki, Şahnaz Haşımova Əməkdar artist Aybəniz Haşımovanın bacısıdır.
Şahnaz Haşımova Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə 17 may 1989-cu ildə “Azərbaycan SSR Əməkdar artisti”, 28 oktyabr 2000-ci ildə “Azərbaycan Respublikasının Xalq artisti” fəxri adlarına layiq görülüb. 2016-cı il mayın 6-da Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
Nəzrin Vahid
Rəylər