Qoşulmama Hərəkatının COVID-19-la Mübarizə üzrə Təmas Qrupunun Zirvə toplantısını işıqlandırmaq üçün Azərbaycana gələn bir qrup xarici jurnalist Füzuli rayonuna səfər çərçivəsində Merdinli kəndində yerləşən məsciddə olub.
“Report” xəbər verir ki, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin böyük məsləhətçisi Araz İmanov Ermənistanın işğalı nəticəsində Qarabağda mövcud olan onlarla məsciddən yalnız bir neçəsinin salamat qaldığını xarici KİV nümayəndələrinin diqqətinə çatdırıb.
O həmçinin məscidlərin təhqir edildiyini, burada mal-qara və donuz saxlanıldığını bildirib:
“Biz bu məscidi bərpa etmirik, çünki istəyirik ki, qonaqlar ermənilərin oranı hansı vəziyyətə saldıqlarını öz gözləri ilə görsünlər. Gördüyünüz kimi, burada əkinçilik və heyvandarlıq üçün geniş torpaq sahələri var, lakin ermənilər bu məqsədlə məhz məscidlərdən istifadə ediblər”.
Daha sonra jurnalistlər Köndələnçay üzərində yerləşən su anbarına baş çəkiblər.
A.İmanov deyib ki, Qarabağdakı su anbarlarından faydalı məqsədlər - əkinçilik, suvarma və s. üçün istifadə etmək mümkün olduğu halda, ermənilər Azərbaycan ərazilərini işğal altında saxladıqları 30 il ərzində onların dağıdılması ilə məşğul olublar.
Onun sözlərinə görə, bununla əlaqədar olaraq bu rayonun əsas problemlərindən biri də çayların istiqamətinin dəyişdirilməsi olub:
“Bu rayonun quraq olmasının səbəbi də məhz bununla bağlıdır. Ərazidə mövcud olan yaşıllıqlar və ağaclar tamamilə məhv edilib”.
Xarici KİV nümayəndələri həmçinin Füzuli şəhərinin mərkəzində olub, onlara şəhərin işğaldan əvvəlki vəziyyəti haqqında məlumat verib, bunu əks etdirən fotoşəkillər təqdim olunub.
Xatırladaq ki, ötən gün jurnalistlər Ağdam rayonunda olublar.


14:15
Qoşulmama Hərəkatının COVID-19-la Mübarizə üzrə Təmas Qrupunun Zirvə toplantısını işıqlandırmaq üçün Azərbaycana gələn bir qrup xarici jurnalist Füzuliyə gəlib.
“Report” xəbər verir ki, səfər çərçivəsində xarici KİV nümayəndələri səkkiz ay ərzində inşa edilən və 2021-ci ilin oktyabr ayında istifadəyə verilmiş Füzuli Beynəlxalq Hava Limanına baş çəkiblər.
Daha sonra xarici jurnalistlər ərazilərin minalardan təmizlənməsinin gedişi ilə tanış olacaq və şəhərin mərkəzinə səfər edəcəklər.




11:22
Qoşulmama Hərəkatının COVID-19-la Mübarizə üzrə Təmas Qrupunun Zirvə toplantısını işıqlandırmaq üçün Azərbaycana gələn bir qrup xarici jurnalist Gəncədə raket hücumlarına məruz qalmış ərazilərə səfər etdikdən sonra Füzuliyə yola düşüb.
“Report” xəbər verir ki, səfərdə 30-dan çox xarici jurnalist iştirak edir.
KİV nümayəndələri Füzuliyə səfər çərçivəsində ərazilərin minalardan təmizlənməsi işlərinin gedişi ilə tanış olacaq, həmçinin 2021-ci ilin oktyabr ayında istifadəyə verilmiş Füzuli Beynəlxalq Hava Limanına baş çəkəcəklər.
09:38
Qoşulmama Hərəkatının (QH) COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünü işıqlandırmaq üçün Azərbaycana gəlmiş xarici jurnalistlər Ağdamdan sonra Gəncədə erməni terroru nəticəsində dağılan ərazidə olublar.
APA xəbər verir ki, 30 nəfərlik heyət Qələbə parkını ziyarət ediblər. Media nümayəndələri Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində dağılan ərazilərə gəlib, günahsız mülki insanlara qarşı həyata keçirilmiş hərbi cinayətlərin nəticələri ilə yerində tanış olub, 44 günlük Vətən müharibəsi zamanı ballistik raketlə hədəf alınan yaşayış massivinə baş çəkiblər. Qonaqlara qətliamla bağlı ətraflı məlumat verilib. Jurnalistlər erməni terroru zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, dağılmış evlərin ətrafına gül düzüb.
Sonra Ermənistanın hərbi cinayətləri ilə tanış olan qonaqlara məlumat verilib ki, işğalçı Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyasını pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla, yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub. Döyüş meydanında məğlubiyyətə uğrayan Ermənistan ordusunun Gəncədə törətdiyi müharibə cinayəti nəticəsində aralarında uşaq, qadın və yaşlıların da olduğu 26 nəfər həlak olub, 175 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Qeyd edək ki media nümayəndələri ötən gün Ağdamda olublar. Bu gün isə Füzuli və Şuşaya səfərləri gözlənilir.







