Bu gün Azərbaycanın “Xəzər-Lənkəran” futbol klubu Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində İsrailin Hayfa şəhərinin Makkabi klubuna qarşı cavab oyununu keçirdi.
İsraildə keçirilmiş ilk oyunda 2:0 hesabı ilə məğlub gələn “Xəzər-Lənkəran” bu görüşdən qalib ayrılmalı idi. Cənub klubun azarkeşləri də öz komandalarının qalib gələcəyinə əminlik nümayiş etdirirdilər, ən azından nəzərə almaq lazımdır ki, bir neçə gün əvvəl “Xəzər-Lənkəran” Türkiyənin birincilərindən olan “Fenerbahçe” klubuna qarşı təcrübə toplamaq baxımından əhəmiyyətli olan bir matç keçirmişdi.
Lakin deyir sən saydığını say, görək hakim “Xəzər”in qapısında neçə top sayır... Sayılan topların sayı isə çox oldu, utanc gətirəcək qədər çox. 7, 10, 13, 26, 41 və 44-cü dəqiqələrdə qapısından ümumilikdə 6 top keçirən “Xəzər-Lənkəran”a heç doğma azarkeşlərin dəstəyi də kömək ola bilmədi. Vəziyyət o qədər acınacaqlı idi ki, 45-ci dəqiqə başa çatan kimi hakim birinci hissəni dayandıran fiti çaldı, “Xəzər”ə rəhmi gəlib oyunu uzatmadı.
Fasilə başa çatdı və ikinci hissə başladı – 62 və 76-cı dəqiqələrdə qapısından daha iki top buraxan “Xəzər” 0:8 hesablı biabırçı, klubun heç bir futbolçusuna yaraşmayan məğlubiyyətə uğradı.
Oxucularımızı oyunla qısaca tanış etdik, indi isə gəlin bu məğlubiyyətin hansı səbəblərdən irəli gələ biləcəyini araşdıraq.
Birinci səbəb belə ola bilər ki, “Fenerbahçe” ilə keçirilmiş yoldaşlıq görüşündən sonra “Xəzər-Lənkəran”ın futbolçuları yorulub və daha oynamağa gücləri qalmayıb... Amma bu işdə bir “əmma” olmasa – dünyanın istənilən bir yerində özü üçün əhəmiyyətli matça çıxan klub, ölkənin yığması əvvəlcə hazırlıq xarakterli yoldaşlıq görüşü keçirməyə çalışır. “Fener” kimi güclü rəqiblə yoldaşlıq görüşü isə “Xəzər”in futbolçularına daha çox təcrübə qazandırmalı, “Makkabi” ilə qarşılaşmada daha güclü etməliydi. Lakin bu baş vermədi.
İkinci səbəb... Biz bu oyunda belə qarşılaşmaları müşaiət etməli olan bir damcı da olsun mübarizə və emosiya görmədik, biz oynamaq və “Xəzər-Lənkəran”, sevimli klubundan qələbə gözləyən azarkeşlər uğrunda meydanda sona qədər mübarizə aparmaq, “ölmək” eşqi görmədik. Və buradan iki nəticəyə gəlmək olar: məşqçi pisdir yaxud da futbolçular.
Məşqçi Con Toşak “Makkabi” ilə İsraildə keçirilmiş və “Xəzər”in 2:0 hesablı məğlubiyyəti ilə başa çatmış ilk oyundan sonra bu sözləri demişdi:
“Fikrimcə, biz yaxşı hesabla uduzduq. Rəqibin necə sürətli oynadığını gördünüz. Hesab daha böyük ola bilərdi. 30 ildir futboldayam, amma çalışdırdığım komandalardan belə zəif oyun görməmişdim”.
Con Toşak nə qədər pis məşqçi olsa da, o, martın 15-dən “Xəzər”in rəhbərliyinə keçib və cəmi 4 aydır ki, komandaya rəhbərlik edir. Bu dörd ay ərzində məşqçinin hansısa inqilabi dəyişikliklərə nail olacağını gözləmək əlbəttə bir qədər qeyri-peşəkar görünə bilərdi. Bu müddət ərzində klub müəyyən qədər sabit oyun nümayiş etdirib və keçirdiyi oyunlarda məğlub olduğu qədər qalib də gəlib. Bundan başqa, gəlin onu da unutmayaq ki, komanda səfərdə keçirdiyi oyunda 2:0 hesabı ilə uduzmuşdu və həmin komandanın sonradan öz evində, doğma divarlar arxasında keçirilən oyunda 8:0 hesabı ilə məğlub olacaq qədər zəifləməsini düşünmək də sadəlövhlükdən başqa bir şey deyil... Unutmayaq ki, meydanda Toşak deyil, futbolçular oynayırlar.
İndi isə keçək futbolçulara... Kifayət qədər maraqsız, sönük oyun, elə bil onlar meydançaya ilk dəfə çıxmış, topa ilk dəfə ayaq vururdular. Onların göstərdikləri oyuna baxdıqda isə dərhal az-çox futbola azarkeşlik edən şəxsdə futbolla bağlı bir prinsip yada düşür: komandanın futbolçuları məşqçidən narazı olduqda, onu istefaya göndərmək istədikdə qəsdən böyük hesabla məğlub olurlar ki, rəhbərlik onları dəyişsin. Və bu gün keçirilmiş, “Xəzər-Lənkəran” futbol klubunu gülüş, tənqid və bəzən də haqlı-haqsız təhqir obyektinə çevirmiş məğlubiyyəti sağlam düşüncə, məntiq baxımından yalnız belə izah etmək olar – futbolçular oynamaq, qalib gəlmək istəmədilər, məşqçini istefaya göndərmək istəyi onların azarkeşləri sevindirmək, klublarına şərəf gətirmək istəklərindən daha üstün oldu.
Əlbəttə, futbolçuların məşqçidən narazılığını haradasa anlamaq, onlara haqq qazandırmaq olar. Amma klub, azarkeşlərini bu qədər alçaltmaq, təhqir etmək, aşağılamaq, formasını geyindiyin klubu tənqid və təhqir hədəfinə çevirmək – bütün bunlar heç bir futbolçuya şərəf gətirəcək əməllər deyil...
Yazını qəmgin notlarla bitirmək istəməzdim. Ona görə də, azərbaycanlı futbol azarkeşlərinə xatırlatmaq istəyirəm ki, Qurban Qurbanovun baş məşqçisi olduğu “Qarabağ” futbol klubu bu dəfə də azarkeşlərini sevindirdi və səfərdə Polşanın “Pyast”ı ilə oyunda nail olduğu 2:2 hesablı heç-heçə (evdə keçirilmiş oyun 2:1 hesabı ilə “Qarabağ”ın xeyrinə başa çatmışdı) ilə Avropa Liqasının növbəti mərhələsinə yüksəldi.
Bakının “İnter”i isə doğma divarlar arxasında Norveçin “Troms” klubuna qarşı keçirdiyi oyunda 1:0 hesabı ilə qalib gəldi. Lakin səfər oyununda 2:0 hesabı ilə məğlub olan “bakılılar” növbəti mərhələyə yüksələ bilmədilər.
Sonda “Xəzər-Lənkəran”ın futbolçularına müraciət etmək istəyirəm: Ayıb və ar olsun!
Ürəyi zəif olanlardan videoya baxmamağı xahiş edirik: