Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Xəzərin Bakı sahillərində balıqların kütləvi ölümü: SƏBƏB AÇIQLANDI
"Xəzər dənizinin Hövsan və Türkan sahillərində balıqların kütləvi ölümü suda həll olmuş oksigenin miqdarının qeyri-optimal səviyyəyədək azalması ilə bağlıdır".
Oxu.Az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib.
O qeyd edib ki, xidmətin və nazirliyin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə baxış keçirilib, sudan və tələf olmuş balıqlardan nümunələr götürülüb.
"Balıq nümunələri üzərində aparılan analizlər zamanı infeksion xəstəliklərin törədiciləri, zəhərlənmə halları və kənar fiziki təzyiqlər aşkar edilməyib".
Xidmət rəisinin sözlərinə görə, su nümunələrinin analizi zamanı müəyyən edilib ki, suyun temperaturunun yüksək olması nəticəsində suda həll olmuş oksigenin miqdarı qeyri-optimal səviyyəyədək (2.2-2.5 mq/litr (norma-6 mq/litr) azalıb və bu səbəbdən balıqlar tələf olub.
Bakıda, Xəzər dənizinin Hövsan qəsəbəsi ərazisinə düşən sahillərində balıqların kütləvi ölümü qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntülüər sosial şəbəkələrdə paylaşılıb.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu ünvanladıq.
Nazirliyin mətbuat katibi İradə İbrahimova Oxu.Az-ın sorğusuna cavab olaraq faktı təsdiqləyib.
O qeyd edib ki, balıqların hansı səbəbdən ölməsini müəyyən etmək üçün Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin mütəxəssisləri tərəfindən sözügedən əraziyə baxış keçirilib.
"Sudan və ölmüş balıqlardan nümunələr götürülüb. Aparılacaq analizlərin nəticəsi əldə olunan kimi ətraflı məlumat veriləcək".
"Bəs ümumiyyətlə balıqların bu cür kütləvi ölüm səbəbi nə ola bilər?" sualını isə Oxu.Az-a biologiya elmləri doktoru, professor Mehman Axundov cavablandırıb.
Professor diqqətə çatdırıb ki, son 4-5 il ərzində iyun ayında və iyulun əvvəllərində Hövsan və Türkandakı sahilyanı ərazilərdə balıqların kütləvi ölüm halı baş verir:
"Bu onunla bağlıdır ki, həmin akvatoriya çox dayaz dəniz sahəsidir və burada sahildən dəniz boyu hardasa bir metr dərinlik üçün ən azı bir kilometr məsafə qət etmək lazımdır.
Bakı buxtasının yarıbağlı olması səbəbindən yay aylarında burada suyun dəyişməsi çox az müşahidə olunur. Buna görə də dayaz olan sahil sularında suyun temperaturu qalxır və suda oksigenin miqdarı azalır.
İş orasındadır ki, dəniz növləri balıqları, məsələn, kilkələr, kefallar və s. əsasən iyuldan sentyabra qədər kürü tökmək üçün sahilyanı dayaz hissələrə miqrasiya edirlər. Burada onlar üçün müsbət olmayan bir şəraitlə rastlaşdırları üçün məhv olurlar.
Bunu iqlim dəyişikliyinə də bağlamaq olar. Çünki, bilirsiniz ki, Xəzər dənizi dayazlaşır, bu zaman dərinlik azalır, su daha çox qızdığı üçün sudakı oksigenin miqdarı azalır. Ona görə də bu cür mənzərələr meydana çıxır".
Əzizə İsmayılova
Rəylər