Xocalı rayonunun Ballıca, Təzəbinə, Badara, Xanyurdu, Şuşakənd kəndlərinin mövcud su təchizatı sistemi bərpa edilərək istismar olunur, digər Xanabad, Seyidbəyli kəndlərinin isə su təchizatı yenidən qurulub.
Oxu.Az-ın məlumatına görə, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) tərəfindən işğaldan azad olunmuş ərazilərə təşkil edilən mediatur zamanı məlumat verilib.
Bildirilib ki, Ballıca kəndinin dayanıqlı su təchizatı üçün Badara-Xankəndi magistral kəmərindən diametri 160 mm, uzunluğu 1.3 km olan xətt inşa edilib:
"Xocalı şəhərində fəaliyyəti bərpa edilmiş dövlət qurumlarına və müxtəlif təşkilatların işçilərinin məskunlaşdığı 364 istehlakçıya xidmət göstərilir.
Əsgəran qəsəbəsinin su təchizatı üzrə aparılmış araşdırmalara əsasən, Badara çayında drenaj tipli suqəbuledici qurğudan su 325 mm diametrli boru ilə 7 km məsafədən şəhərdə yerləşən su anbarına nəql olunur.
Qəsəbənin relyefinə görə 1 zonaya bölünmüş ərazi üzrə su anbarı (2x750m3) mövcuddur. Şəhərin şəbəkəsi polietilen borulardan (D63-110mm, L=12 km) ibarətdir, suyun uçotunun aparılması üçün yeraltı quyularda quraşdırılmış su sayğacları var.
Əsgəran şəhərində fəaliyyəti bərpa edilmiş dövlət qurumlarına və müxtəlif təşkilatların işçilərinin məskunlaşdığı 50 istehlakçıya xidmət göstərilir.
"Böyük Qayıdışa dair I Dövlət Proqramı"na uyğun olaraq Xocalı şəhərinə 145 ailə , kəndlərə isə (Xanyurdu, Daşbulaq, Badara, Təzəbinə, Seyidbəyli, Xanabad, Şuşakənd) ümumi 877 ailə köçürülüb.
Xocalı şəhərinin mərkəzi hissəsində mövcud su və kanalizasiya şəbəkələrinin Bakı Abadlıq MMC tərəfindən yenidən qurulması işləri aparılıb, lakin kanalizasiya çıxış xəttinin əsas daşıyıcı kollektora qoşulması təmin edilməyib. Agentlik tərəfindən məhsuldarlığı 2x200m3 olan modul tipli tullantı su təmizləyici qurğu quraşdırılıb".