Yeni Azərbaycan Partiyasının (YAP) rəsmiləri dünyasını dəyişən Qarabağ qazisi Zaur Həsənovun dəfn mərasiminə qatılacaq.
Oxu.Az AzVision.az-a istinadən xəbər verir ki, bunu YAP-ın icra katibinin müavini Siyavuş Novruzov deyib.
Siyavuş Novruzov, həmçinin bu gün Fəvvarələr meydanında keçirilməsi nəzərdə tutulan aksiyaya da münasibət bildirib.
Modern.Az-ın məlumatına görə, o bunları deyib:
“Kiminsə faciəsindən istifadə olunmamalıdır. Faciədir olub, Allah rəhmət eləsin, ruhu şad olsun. Bu faciədən istifadə etmək insanlıq dəyərlərinə xəyanət kimi bir şeydir”.
YAP rəsmisi qeyd edib ki, onlar aksiya keçirmək istəyirlərsə, müraciət etməlidirlər:
“Bundan sonra onlara müvafiq yer ayrılmalıdır. Fəvvarələr meydanı aksiya üçün deyil, ora insanların istirahət yeridir. Bayram günüdür, insanlar ailəsi, yaxınları ilə Fəvvarələr meydanına çıxırlar”.
S.Novruzov bildirib ki, heç bir ictimai təşkilat həmin aksiyaya dəstək verməyəcək:
“Mərhumun ailəsi də deyib ki, onların faciəsindən istifadə etməsinlər”.
“Zaur Həsənovun ölümünə kədərlənirik. Bütün insanlar kimi dəfn mərasiminə biz də qatılacağıq”- deyə, S.Novruzov əlavə edib.
Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının binası qarşısında özünü yandıran Qarabağ qazisi Zaur Həsənov dünən axşam saatlarında müalicə olunduğu 5 saylı şəhər klinik xəstəxanasında koma vəziyyətinə düşüb. O, saat 22:10 radələrində dünyasını dəyişib.
Əlavə edək ki, Qarabağ əlilinin ölümünə etiraz olaraq Bakının Fəvvarələr Meydanında aksiya təyin edilib. Aksiya bu gün saat 16-da olacaq.