Yalnız Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə ağacların kəsilməsinin qarşısını almaq mümkün deyil. Bu işdə bizə vətəndaşlar da köməklik etməlidir.
Bu sözləri Oxu.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühitin mühafizəsi departamentinin sektor müdiri Raqub Mirzəyev deyib.
O, açıqlamasında son zamanlar “yaşıl terror” hadisələrinin yenidən aktivləşməsindən danışıb. Bildirib ki, bu cür hallar daha çox obyekt tikintiləri zamanı baş verir:
“Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il, 2 may tarixli qanunu qəbul olundu və bununla bağlı yeni qaydalar tətbiq edildi. Belə ki, həmin qanunda yaşıllığın mühafizəsinə nəzarətinin həyata keçirilməsi, onun iqtisadi əsaslandırılması, dəymiş ziyanın hesablanması və ödənilməsi, bərpası, ağac və kol bitkilərinin ölkəyə gətirilməsi və çıxarılması ilə bağlı bir sıra qaydalar öz təsdiqini tapdı.
Təəssüf ki, apardığımız araşdırmalar zamanı bir sıra hallarda daha çox obyekt tikintilərinin həyata keçirilməsi zamanı yaşıllıqların məhv edilməsi faktları aşkar edilib. Buna baxmayaraq, “yaşıl terror” hadisələri ötən ilə nisbətən müəyyən dərəcədə azalıb. Çünki məsələ ilə əlaqədar sərt şəkildə iqtisadi, inzibati sanksiyalar tətbiq olunur və yeni qaydaya əsasən, ağaclara dəymiş ziyana görə cərimə məbləğləri artırılır.
Ümumiyyətlə, 2017-ci il ərzində ölkədə qanunsuz olaraq ağacların kəsilməsi, zədələnməsi ilə bağlı 746 cinayət faktı aşkar olunub. Bu faktlarla bağlı 391 nəfər 419 min 300 manat məbləğində cərimə edilib.
Həmin hadisələri törədən şəxslərin tapılması və müəyyənləşdirilməsi üçün 262 iş polis orqanlarına, 611 min 844 manat məbləğində cinayət tərkibli 93 iş prokurorluq orqanlarına təhvil verilib.
Yaşıllıqların məhv edilməsi ilə bağlı yalnız güc strukturları deyil, yerli icra orqanları, bələdiyyələr və torpaq mülkiyyətçiləri də mübarizə aparmalı və bu cür hadisələr vətəndaşlar tərəfindən ictimai qınaq obyektinə çevrilməlidir.
Xüsusilə də Bakı və Abşeron yarmadasında, Sumqayıt ərazisində yaşayan sakinlər bu mövzuda daha aktiv olmalıdır. Çünki yaşıllıqların salınması halları daha çox bu ərazilərdə qeydə alınır”.
Raqub Mirzəyev verdiyi açıqlamada ölkədə daha çox zeytun ağaclarının əkildiyini qeyd edib:
“Bildiyimiz kimi, yaşıllığın artırılması məqsədilə xarici ölkələrdən gətirilən ağaclar daha çox dekorativ əhəmiyyət daşıyır.
Azərbaycanda Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən üç milyondan çox zeytun ağacları əkildi. Özünüz də fikir versəniz, görərsiniz ki, yolboyu nə qədər damcılama və suvarma sistemi ilə yaşıllıqlar salınıb.
Bunların məhv edilməməsi üçün onu qorumaq, mühafizə etmək lazımdır. Yalnız nazirliyin işçiləri ilə bu işlərin öhdəsindən gəlmək olmaz. Bunun üçün ictimaiyyət də öz növbəsində yardım etməlidir. Hər bir vətəndaş ağac kəsilməsinə öz etirazını bildirməlidir”.
Elvin Paşazadə
www.oxu.az