Qan Turalı yazır...
Atalarımızın çox gözəl sözləri var və o sözlərdən biri də heç şübhəsiz ki, “hər sözün öz yeri var” sözüdür. Erkin Qədirlinin “kontekst” dediyi də budur. Bəli, doğrudan da hər sözün öz yeri var ancaq təəssüf ki, biz sözləri yerində işlətmirik.
Götürək elə “yıxılana balta vuran çox olar” atalar sözünü. Bu idiomatik ifadələr məhdud ərazidə yaşayan, bir çox hallarda doğulduğu yerdən kənara çıxmayan və bir-birinin şəcərəsini nəslini tanıyan insanların mühitindən çıxmışdır. Və bu mühitdə bu sözün əlbəttə ki, bir qarşılığı var. On milyonluq bir respublikada isə… Buna qayıdacağam, amma gəlin, reklamlara gedib Sədi Şirazinin “Gülüstan”ından bir əhvalata diqqət yetirək.
“Nağıl edirlər ki, bir mərdimazar hərbçi, rəhmdil bir dərvişin başına daş vurdu. Dərviş intiqam ala bilmədiyi üçün daşı götürüb saxladı. Bir gün hökmdar həmin hərbçiyə qəzəblənərək onu quyuya saldı. Dərviş quyunun başına gəlib saxladığı daşı onun başına çırpdı.
Hərbçi soruşdu:
–Sən kimsən, məni niyə daşla vurursan?
Dərviş dedi:
–Mən həmin adamam ki, bu daşı sən filan tarixdə mənim başıma vurmuşdun.
–İndiyə qədər bəs haradaydın?
–Xidmətdə olduğun zaman hiddətindən qorxurdum. İndi isə səni quyuda görüb, acığımı çıxmağa fürsət tapdım.
Hekayə burada başa çatır və sual edirəm, aranızda hərbçiyə haqq verən varmı? Ustadımız Mirzə Fətəlinin bir balaca ziddinə gedərək bu əsərdən də öyrənilməli bir şeylər olduğunu görürük.
Qayıdaq 2022-ci ilə… Uzun illər hakimiyyət olimpində yuva quran və faktiki olaraq özünü toxunulmaz hesab edən Ramiz Mehdiyevlə bağlı tənqidlərdə “balta” məsəli işləkdirmi? Məncə, yox. Eynilə hekayətdəki hərbçi kimi, o, öz səlahiyyətlərindən istifadə edərək heç bir tənqidi qəbul etmir, tənqidi susdurmağı özünün ən ümdə vəzifəsi sayırdı. Tənqidi məqalə yazan jurnalistləri “casus” adlandırırdı.
Ona qarşı çıxmaq isə… Çox da asan deyildi. Mənim bu barədə vicdanım təmizdir, ona görə də deyirəm. Yıxılan müəllim adamları baltalayırdısa, ona balta vurmaq da haqqdır, hüquqdur. Söz yox ki, akademikin qılıncının dalı, qabağı və hətta tiyəsi də kəsən zamanlarda ona nökərçilik edənləri bura aid etmirəm. Çünki onların əməli “Yıxılana balta vurmaq” ilə yox “Bağda ərik var idi” maddəsi ilə tövsif edilməlidir. Kontekstləri qarışdırmayaq.
Akademik uzaq 1991-ci ilin sentyabrında, SSRİ tərkibindəki son iyirmi ikinci günümüzdə eynən bu günlərdəki kimi vəzifəsiz idi, daha doğrusu ideoloji katib vəzifəsindən Akademiyanın bir institutunun şöbə müdirliyinə keçirilmişdi. O payız günlərində akademik ürəyini “Aypara” qəzetinə belə tökürdü: “Satqınlığı görmək ağırdır. Gizlətmirəm, mənim də belə ağır keçirdiyim dəqiqələr, günlər, aylar oldu. Keçmiş "dostlarım" arasında indi də müxtəlif vəzifələrdə və peşələrdə çalışan adamlar var. Əxlaqı düz olan adamlar üçün inandığı sirdaşın xəyanəti faciə kimidir”.
Ancaq o ötüb keçən illərdən heç nə öyrənməmişdi...