Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Yüksək bal toplayıb, amma tələbə ola bilməyib: ixtisas seçimini necə etməli? - Mühüm açıqlama
Abituriyentlər artıq ixtisas seçimlərinə başlayıb. Amma onların əzəli bir problemi var: düzgün seçim etməmək. Bəzən düzgün seçim etməməyin nəticəsi olaraq yüksək bal toplayan abituriyentlər ali məktəblərə qəbul ola bilmir, aşağı bal toplayanlar isə tələbə adını qazanır. Bu da onların topladıqları ballara görə düzgün seçim edə bilməməsi ilə əlaqədardır.
Hər il abituriyentlərin rastlaşdıqları problemi Oxu.Az-a şərh edən təhsil eksperti Kamran Əsədov da bildirib ki, ali məktəbə qəbul olmaq üçün yetərincə bal yığmaq kifayət etmir, düzgün ixtisas seçimi mütləqdir:
“Bu zaman isə Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi statistik məlumatlara və abituriyent jurnalına istinad etmək, ciddi şəkildə baxmaq lazımdır. Yoxsa yüksək bal toplayan abituriyentlər belə tələbə adını qazanmaqdan mərhum ola bilər. Xüsusi ilə də abituriyentlər plan yerlərini və imtahan iştirakçılarının topladığı balı əvvəlki illərlə müqayisə etməlidirlər.
Misal üçün, 2019-cu ildə I ixtisas qrupu üzrə ümumi balı 200-dən və imtahanların ikinci mərhələsi üzrə balı 100-dən az olmayan 10 524 (2018-ci ildə 13 169), ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan 15 101 (2018-ci ildə 16 649) abituriyent müsabiqədə iştirak etmək hüququ qazanıb. Amma I ixtisas qrupu üzrə ümumi plan yerlərinin sayı 15 223-dür (2018-ci ildə 14 475). Bu o deməkdir ki, I ixtisas qrupu üzrə 200-dən çox bal toplayan bütün abituriyentlərin tələbə adı qazanmaq şansı var. Hətta bu qrup üzrə 4 mindən çox plan yeri boş qalacaq.
Amma I ixtisas qrupu üzrə 150 ballıq ixtisasları seçən abituriyentlərin tələbə adını qazanmaq şansı azdır, onların ixtisas seçimi zamanı diqqətli olması tövsiyə olunur. I ixtisas qrupu üzrə pulsuz, dövlət sifarişli plan yerlərinin sayı 9351-dir (2018-ci ildə 5731).
2019-cu ildə II İxtisas qrupu üzrə ümumi balı 200-dən və imtahanların ikinci mərhələsi üzrə balı 100-dən az olmayan 8170 (2018-ci ildə 9530), ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan 10 166 (2018-ci ildə 11 698) abituriyent müsabiqədə iştirak etmək hüququ qazanıb. Amma I ixtisas qrupu üzrə ümumi plan yerlərinin sayı 14 181-dir. (2018-ci ildə 11 195). Yəni II ixtisas qrupu üzrə 200-dən çox bal toplayan bütün abituriyentlərin tələbə adı qazanmaq şansı var. Həmçinin bu qrup üzrə 5 mindən çox plan yeri boş qalacaq.
Eyni zamanda, II ixtisas qrupu üzrə 150 ballıq ixtisasları seçən abituriyentlərin tələbə adını qazanmaq şansı çoxdur. II ixtisas qrupu üzrə pulsuz, dövlət sifarişli plan yerlərinin sayı 3147-dir (2018-ci ildə 2031)”.
K.Əsədovun sözlərinə görə, ixtisas qrupları üzrə ən gərgin vəziyyət III ixtisas qrupundadır:
“Xüsusi ilə 350-dən az bal toplayan abituriyentlər diqqətli olmalıdırlar. Belə ki, 2019-cu ildə III ixtisas qrupu üzrə ümumi balı 200-dən və imtahanların ikinci mərhələsi üzrə balı 100-dən az olmayan 15 047 (2018-ci ildə 11 776), ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan 17 465 (2018-ci ildə 14 143) abituriyent müsabiqədə iştirak etmək hüququ qazanıb. Amma III ixtisas qrupu üzrə ümumi plan yerlərinin sayı 11 271-dir (2018-ci ildə 10601).
III ixtisas qrupu üzrə 200-dən çox bal toplayan yalnız 11 271 abituriyentin tələbə adı qazanmaq şansı var və hətta bu qrup üzrə 6 mindən çox abituriyentin tələbə adı qazanmaq şansı yoxdur, onlar müsabiqədən kəsiləcəklər”.
Ekspert qeyd edib ki, III ixtisas qrupu üzrə 150 ballıq ixtisasları seçən abituriyentlərin tələbə adını qazanmaq şansı azdır və demək olar ki, yoxdur:
“Onların ixtisas seçimi zamanı diqqətli olması tövsiyə olunur. III ixtisas qrupu üzrə pulsuz, dövlət sifarişli plan yerlərinin sayı 3782-dir (2018-ci idə 2175)”.
IV ixtisas qrupuna gəldikdə isə, təhsil eksperti 200-dən çox bal toplayan bütün abituriyentlərin tələbə adı qazanmaq şansının olduğunu deyib:
“2019-cu ildə IV ixtisas qrupu üzrə ümumi balı 200-dən və imtahanların ikinci mərhələsi üzrə balı 100-dən az olmayan 3345 (2018-ci ildə 3726), ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan 4082 (2018-ci ildə 4079) abituriyent müsabiqədə iştirak etmək hüququ qazanıb. Amma IV ixtisas qrupu üzrə ümumi plan yerlərinin sayı 3710-dur (2018-ci ildə 3315).
Yəni IV ixtisas qrupu üzrə 200-dən çox bal toplayan bütün abituriyentlərin tələbə adı qazanmaq şansı var.
Lakin IV ixtisas qrupu üzrə 150 ballıq ixtisasları seçən abituriyentlərin tələbə adını qazanmaq şansı azdır. Onların ixtisas seçimi zamanı diqqətli olması tövsiyə olunur. IV ixtisas qrupu üzrə pulsuz, dövlət sifarişli plan yerlərinin sayı 2398-dir (2018-ci iıdə 1505)”.
Abituriyentlərin daha çox hansı ixtisasları seçməsinə gəlincə, ekspert qeyd edib ki, yüksək bal, hətta az bal toplayanlar tələbələr belə daha çox ingilis dilində tədris olunan ixtisasları seçir:
“Bu il də I ixtisas qrupunda ən yüksək bal Bakı Ali Neft Məktəbində formalaşacaq. Çünki oranın təhsili və tədrisinin keyfiyyəti, idarəetmədəki müsbət keyfiyyətlər tələbələri buranı seçməyə sövq edir. Düşünürəm ki, bu il Bakı Ali Neft Məktəbində ortalama bal 620 olacaq.
Bu qrup üzrə ən çox seçilən və meyl edilən ikinci tədris mərkəzi Azərbaycan Dövlət Neft və Sənaye Universitetidir. Xüsusilə tədris ingilis dili olduğu üçün tələbələr bu universiteti seçir. Belə ki, 500 baldan çox bal toplayanlar bu universitetdə ingilis dilində tədris olunan kompüter mühəndisliyi, informasiya texnologiyaları, neft-qaz mühəndisliyi, kompüter elmləri, informasiya təhlükəsizliyi üzrə olan ixtisaslara üstünlük verir.
II qrup üzrə Azərbaycan Dövlət İqtisadiyyat Universiteti öndədir. Burada da tədrisi ingilis dilində olan maliyyə mühasibat uçotu və iqtisadiyyat ixtisasına daha çox meyl edirlər. İkinci yerdə ADA Universitetidir.
III qrupda isə ən çox seçimə meyil edilən Bakı Dövlət Universitetinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının və Azərbaycan Diplomatik Akademiyanın hüquq ixtisaslarıdır. Daha sonra seçilənlər Azərbaycan Dillər Universitetinin tərcümə, Bakı Dövlət Universitetinin azərbaycan dili və ədəbiyyat, tarix müəllimliyidir.
IV qrupda Tibb Universitetinin Müalicə-profilaktika və stomatologiya fakültələri üstünlük təşkil edir. Daha sonrakı pillədə Bakı Dövlət Universitetinin tədrisin həm ingilis, həm də azərbaycan dilində olan psixologiya fakültəsidir”.
Sevinc Yasinqızı
Rəylər