Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Ekspert: III qrupda 6 mindən çox abituriyent tələbə ola bilməyəcək
III ixtisas qrupunda ümumilikdə 150-dən yuxarı bal toplamış 17 465 abituriyent ixtisas seçiminə buraxılıb. Amma III ixtisas qrupu üzrə bu il qəbul plan yeri cəmi 11 271 (2018-ci ildə 10 601 idi) yerdir.
Bu fikirləri təhsil eksperti Kamran Əsədov sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, bu, III ixtisas qrupu üzrə istənilən halda ümumi 6194 müsabiqə şərtini ödəmiş (o cümlədən, 200-dən çox bal toplayan 3803 abituriyent) abituriyentin ali məktəbə qəbul ola bilməyəcəyi deməkdir:
“Bura düzgün ixtisas seçimi edə bilməyənləri də əlavə etsək, bu rəqəm arta bilər. Ona görə də xüsusilə 350-dən az bal toplayan abituriyentlər daha diqqətli olsun, öz ballarından yuxarı yerləri yazmasınlar. Çünki plan yerinin 11 271 olduğunu nəzərə alsaq və bu sayda abituriyentin 280-290 bal topladığını düşünsək, onların vəziyyətinin çətin olduğunu görərik”.
Ekspert əlavə edib ki, III qrupda 500 və daha çox bal toplayanların imkanları keçən illə müqayisədə yaxşıdır:
“Bu il ödənişsiz plan yerlərinin III ixtisas qrupunda 1607 yer artaraq 3782 olması (2018-ci ildə ödənişsiz plan yeri 2175 idi) onların ödənişsiz ixtisaslara qəbul olma imkanını yüksəldib. III ixtisas qrupunda 2018-ci ildə yüksək ballı (580-630 bal arası) ixtisaslarda 30-50 bal enmə olacaq, amma aşağı ballı, ödənişsiz ixtisaslarda azı 30-50 bal artımı ola bilər”.
K.Əsədovun sözlərinə görə, digər ixtisas qruplarında, xüsusilə II ixtisas qrupunda isə istər ödənişli, istərsə də ödənişsiz ixtisaslarda çox ciddi, hətta 60-70 bal enmə olacaq. Çünki II ixtisas qrupunda 200-dən çox bal toplayıb imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan və bütün müsabiqə şərtini ödəyən 8170 abituriyent var:
“Bununla belə, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olan, amma 150 ballıq ixtisas seçiminə icazə verilən 1996 abituriyent var. Ümumilikdə II ixtisas qrupunda 150-dən çox bal toplamış 10 166 abituriyent ixtisas seçiminə buraxılıb.
Amma II ixtisas qrupu üzrə bu il qəbul plan yeri cəmi 14 181 (2018-ci ildə 13 395 idi) yerdir. Bu o deməkdir ki, II ixtisas qrupu üzrə istənilən halda müsabiqə şərtini ödəmiş bütün abituriyentlər tələbə adını qazanacaq və hətta 4015 plan yeri boş qalacaq ki, bu da subbakalavrların şansını həmin ixtisas qrupunda artırır”.
Rəylər