“Ötən ilin sentyabrında baş verən zəlzələ nəticəsində evimiz qəzalı vəziyyətə düşdü. Bundan sonra biz çadırla təmin olunduq. Amma bu yağışlı və soyuq günlərdə çadırda yaşamaq çox çətindir”.
Bu şikayətlə “Qafqazinfo”ya Kürdəmir rayonunun Yeni Şıxımlı kənd sakini İsrayıl Qəribov müraciət edib.
Altı nəfərdən ibarət ailəsi ilə çadıra sığındığını bildirən vətəndaşın sözlərinə görə, artıq burada qalmaq mümkünsüzdür:
“Zəlzələdən sonra Fövqəladə Hallar Nazirliyi tərəfindən çadırla təmin olunduq. Amma bütün qışı burada çox çətinliklə yaşadıq. Soyuq qış günlərini iki azyaşlı uşaqla burada qalmaq çox əziyyətli oldu. Özüm şəkər xəstəsiyəm. Ürəyimdən də əməliyyat olunmuşam. Vəziyyətimiz çox ağırdır. Yağan yağışlar çadırın içinə dolur”.
Məsələ ilə bağlı Kürdəmir Rayon İcra Hakimiyyətindən sorğuya cavab olaraq bildirilib ki, binaya baxış keçirilib:
“Kürdəmir rayonunun Yeni Şıxımlı kənd sakini İsrayıl Əlisa oğlu Qəribovun altı nəfərdən ibarət ailə üzvünün yaşadığı birmərtəbəli bina 1950-ci illərdə but daşlarından inşa edilib. Kənd ərazisində həmin ildə bu tipdə yeddi ədəd inzibati bina tikilib, hazırda isə kənd sakinləri tərəfindən onlar yaşayış sahəsi kimi istifadə olunmaqdadır. Binaya bir neçə dəfə əməkdaşlarımız tərəfindən baxış keçirilib və bu barədə Fövqəladə Hallar Nazirliyinə müraciətlər ünvanlanıb. 2023-cü ildə İsrayıl Əlisa oğlu Qəribovun ailəsinin müvəqqəti məskunlaşması üçün FHN Aran Regional Mərkəzinə tərəfimizdən məktubla müraciət ünvanlanıb, vətəndaşın həyətyanı sahəsində müvəqqəti məskunlaşması üçün mərkəz tərəfindən çadır quraşdırılıb.
Kürdəmir Rayon İcra Hakimiyyətinin xərclər smetasında vətəndaşlara məxsus fərdi yaşayış evlərinin təmir, bərpa və tikintisinə vəsait nəzərdə tutulmadığından ona tərəfimizdən köməklik göstərilməsi imkan xaricindədir”.
Şikayətlə əlaqədar RİH başçısının yanında Fövqəladə Hallar Komissiyasının sədri, icra başçısının müavini Ağali Kərimli bildirib ki, vətəndaş bu məsələ ilə əlaqədar olaraq dəfələrlə icra hakimiyyətində olub:
“İsrayıl Qəribova məxsus ev köhnəlib. Bu evlə əlaqədar hələ 2011-12-ci illərdə qəzalı vəziyyətini nəzərə alaraq bərpa-gücləndirmə məqsədilə Fövqəladə Hallar Nazirliyi tərəfindən yardım da göstərilib. Vətəndaş iddia edir ki, evi zəlzələ nəticəsində qəzalı vəziyyətə düşüb. Oraya baxış keçirilib və akt da tərtib edilib. Rayonumuzda zəlzələnin dağıntılara səbəb olacaq dərəcədə güclü olması ilə bağlı heç bir qərar qəbul olunmayıb. Hər bir vətəndaş evini sığortalamalıdır. Lakin İsrayıl Qəribov evini sığortalamayıb. Bununla yanaşı, biz vətəndaşa bütün köməkliyi göstərmişik. Yəni çadırla təmin olunub və xəstəliyi səbəbilə ona yardım göstərilib”.
Xatırladaq ki, ötən ilin sentyabrın əvvəlində Kürdəmir rayonunda 5,2 maqnitudalı zəlzələ olub. Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına əsasən, zəlzələ episentrdə 5 bala qədər hiss olunub. Həmin vaxt Ağali Kərimli bildirmişdi ki, hadisə zamanı 100-dən çox fərdi yaşayış evinə ziyan dəyib.
Rəylər