Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Azərbaycan istehsalı, xarici keyfiyyət - FOTO
Azərbaycan Respublikası Metal Məmulatları şirkəti – “AR Metiz” ölkəmizdə şurupların istehsalı ilə məşğul olur. Qeyd edək ki, Azərbaycanda nə sovet, nə də postsovet dönəmində şurup istehsalı olmayıb. Bu istehsal sahəsi bizim ölkəmizə xas bir sahə deyil. Bu sahəni ölkəmizdə məhz “AR Metiz” şirkəti təşkil edib.
Şirkətin təsisçisi Rauf Rəhimov müsahibəsində bildirib ki, layihə beş ilə yaxındır start götürüb:
“Biz ilkin olaraq bu müddətin 2-2,5 ilində yalnız monitorinq aparmışıq. Monitorinq çərçivəsində yerli və xarici bazarlar, yaxın bazarlardakı vəziyyət və sözügedən məhsula hansı səviyyədə tələbat olmasını öyrənmişik, istehsala başladıqdan sonra bizi nəyin gözlədiyi barədə təsəvvürlərimiz formalaşıb. Qərar qəbul etdikdən – təxminən 2022-ci ilin əvvəlindən istehsala başlamışıq və istehsal həcmini və potensialımızı hər ötən gün artırmağa davam edirik. Hazırda zavodda 30-dan çox əməkdaşımız var”.
İstehsal prosesi barədə qısa məlumat verin…
-Şurup istehsalı bir neçə etaplardan ibarətdir. Dünyada şurup istehsalında Çin öz məhsulları ilə xüsusilə seçilir. Orada şurupun istehsal mərhələləri müəssisələr arasında bölünür. Kimsə şurupun hazırlanması, kimlərsə bərkidilməsi, kimlərsə rənglənməsi ilə məşğul olurlar. Bizdə isə istehsalın bütün mərhələləri eyni məkanda icra olunur. Yəni xammaldan tutmuş məhsulun qablaşdırılaraq satışa hazırlanmasına qədər olan uzun bir prosesi biz icra edə bilirik.
Rauf bəy, “Ar Metiz”i yaratmaq, biznesi qurmaq fikri necə oldu yarandı?
Mənə bu sahə ilə niyə heç kəsin məşğul olmaması çox maraqlı gəlirdi. İlk növbədə informasiya texnologiyaları sahəsində fəaliyyət göstərirəm. Sahibi olduğum şirkət “Buz group” isə bazarda kifayət qədər tanınan və xüsusi çəkisi olan şirkətdir. Təxminən 2016-2017-ci illərdə mən fikirləşdim ki, biznesi bir qədər şaxələndirmək lazımdır. Ona görə də nə edə biləcəyimizi nəzərdən keçirdim. İstehsal isə mənim üçün hər zaman maraqlı olub. Çünki özüm də daxilən düzəltməyi, nələrsə hazırlamağı sevən, mühəndis düşüncəli bir insanam. Üstəlik, tikinti sektoru da bir çoxları kimi məni də cəlb etdi. Yeni fəaliyyət sahəsini seçərkən ən əsası onu düşündük, ideyamız bundan ibarət oldu ki, biz istehsal etdiyimiz məhsulu rahat şəkildə sata bilək. Belə deyək, bizim ideyamız istehsaldan deyil, elə birbaşa satışdan gəlib. Bazarda tələbatı araşdırdıq, bu cür məhsulları çeşidlədik və sonda şurup istehsalı üzərində dayanmaq qərarına gəldik.
Nəticədə bəlli oldu ki, bu sahədə məhsullara böyük tələbat var, ancaq istehsalçı yoxdur.
Bilirik ki, şurup əslində hamının demək olar ki, evində tapa biləcəyi, tikinti zamanı çox vaxt bütün sahə boyu yerə atılan, o qədər də qiyməti olmayan bir məhsuldur. Ancaq hər bir şurupun hazırlanması çox böyük bir zəhmət tələb edir. Məftillər şurup olana kimi bir sıra ağır mərhələlərdən keçir. Çox güman ki həmin mərhələlərin sayının çox olması və çətinliyi səbəbilə ölkəmizdə bu istehsal heç zaman təşkil olunmayıb. Bütün bunlara baxmayaraq, biz bu layihəyə qərar verdik, başladıq və şükürlər olsun ki, bu gün uğurla davam etdiririk!
“AR Metiz” yerli bazarda hansı yeri tutur?
Yerli bazar kifayət qədər, düşündüyümüzdən dəfələrlə böyükdür. 50 növ, 100 növ şurup var deyə biləcəyimiz qədər kiçik deyil, çox böyükdür. Üstəlik, tələbatdan asılı olaraq da yeni şurup növləri, ölçüləri yarana bilər. Bütün bunlar istisna hal sayılmır. Çeşidlərin sayı olduqca çoxdur, ona görə də biz hal-hazırda olduğumuz qüvvə ilə tutaq ki, aylıq 50 ton şurup istehsal etsək də, bu, yerli bazarın cəmi 10 faizi belə etməyəcək.
Hətta bu rəqəmi min ton etsək belə, yerli bazarı tamamilə təmin etmək mümkün deyil. Çünki yerli bazar kifayət qədər böyük bir bazardır. Burada perspektiv böyükdür. Yəni bazarın potensialı nə qədər böyükdürsə, “AR – Metiz”in də inkişaf potensialı bir o qədər böyükdür.
“AR Metiz”in doldurduğu boşluqlar və üzləşdiyi çətinliklər hansılardır?
İstehsalda bir sıra çətinliklər mövcuddur. İlk növbədə bu çətinliklər ixtisaslı kadrlarla bağlıdır. Azərbaycanda bu istehsal sahəsi mövcud olmadığı üçün biz bu sahədə mütəxəssis tapmaqda böyük çətinlik çəkirik. Nəticədə problemi aradan qaldırmaq üçün xaricə müraciət etməli olduq. Hazırda zavodda işləyənlərin hər biri Azərbaycan vətəndaşlarıdır. Biz xaricdə bu sahədə çalışan və təcrübəyə malik azərbaycanlıları taparaq onları ölkəmizə qaytardıq. Həmin təcrübəni onlar da yeni işçilərimizlə bölüşürlər, işçilərimiz bir neçə ustalıq səviyyəsi üzrə imtahanlar verərək, müəyyən kateqoriyaya qədər yüksəlir, özlərini təsdiqləyirlər.
Bizim əsas çətinliyimiz məhz işçi qüvvəsi ilə bağlı olub. Məhsulların keyfiyyəti ilə bağlı onu deyə bilərəm ki, bizim şuruplar xarici analoqlarla eyni yüksək keyfiyyətə malikdir. Bu sahədə keyfiyyətin ölçülməsi 7-8 meyar üzrə hesablanır. Demək olar ki, məhsul istehsalı maksimum keyfiyyət səviyyəsinə çatıb, ancaq bunun əsas səbəbi də elə məhz bazarın özünün buna hazır olmaması ilə bağlıdır. Çünki “ideal” məhsulun, maksimum keyfiyyətli məhsulun müştərilər üçün xərci də təxminən üç dəfə baha başa gələ bilər. Xaricdə, xüsusən Avropa ölkələrində bu cür məhsula tələbat var, bizim bazarımızda isə vəziyyət başqadır. Hazırda biz bazarın tələbatına uyğun yüksək keyfiyyətdə məhsul istehsal edə bilirik. Bizim əsas kökləndiyimiz hədəflərdən biri də odur ki, yerli bazarda şurupların qiymətini idxal olunan məhsullarla müqayisədə 30 faizə qədər endirə bilək. Yəni xaricdən gətirilən məhsullarla eyni – yüksək keyfiyyəti qorumaqla müştərilərə 30 faiz ucuz yerli məhsul təmin edək. Bu isə bizim istehsal gücümüzdən asılıdır. İşlər qaydasında gedərsə, işçi gücümüz, istehsal gücümüz artdıqdan sonra bu düşüncəni reallığa çevirmək mümkün olacaq.
Zavodda hər bir saatdan bir istehsal olunan məhsulun keyfiyyəti yoxlanılır. Belə ki, bu sahədə məsul əməkdaşımız məhsulları yoxlayır, hər hansı bir nöqsan aşkarlanacağı halda həmin saatda istehsal olunan bütün məhsullar geri çəkilir və yenidən yoxlanılır.
Şirkətin xarici bazarlara çıxış imkanlarından bəhs edək...
Yerli bazar o qədər böyükdür ki, biz heç zaman onu tam bağlayacağımıza fokuslanmamışıq. Yəni hətta bu bazarın 20-30 faizini bağlaya bilmək də olduqca irimiqyaslı işdir. Buna baxmayaraq bizim xarici bazarlara çıxışla bağlı da planlarımız var. Gürcüstan və Türkiyə ixracın ilk planlaşdırıldığı ölkələr sayılırlar. Ancaq bu mərhələyə gəlib çatmaq üçün bizə iki il vaxt lazımdır. Bu müddətdən sonra hətta daha yüksək keyfiyyətli məhsul tələb edən Avropa bazarına da çıxmaq planlarımız arasındadır.
Yaxın perspektivdə planlar hansılardır?
Hazırda müəssisəmiz Balaxanıda yerləşir. Ancaq İqtisadiyyat Nazirliyi tərəfindən “AR Metiz”ə Hacıqabul Sənaye Məhəlləsində 5 min kvadratmetrlik yer ayrılıb. Növbəti bir il ərzində biz oranı tikməliyik. Bundan sonra isə zavodumuz Hacıqabul Sənaye Məhəlləsinə köçəcək. Orada həmçinin Hacıqabul sakinlərini də işlərə cəlb edəcəyik. Çünki həmin vaxt artıq zavodun 70-ə yaxın işçisinin olması planlaşdırılır.
Qeyd etdiyim kimi müəssisəmizdə insanları öyrədirik, müəyyən metodiki vəsaitlər hazırlamışıq. Onları oxuduqdan sonra beş kateqoriya ustalıq üzrə imtahan verirlər.
“AR Metiz”in istehsalı da durmadan genişlənəcək. Belə ki, hazırda fostat şuruplar istehsal edilsə də, daha sonra sink şurupların istehsalı da nəzərdə tutulur. Məhsullarımızın çeşidləri yivlərdən, ölçülərdən və s. digər parametrlərdən asılı olduğu üçün konkret olaraq say demək mümkün deyil. Ancaq müştərilərimiz yaxın vaxtlarda işıq üzü görəcək mobil tətbiqimiz vasitəsilə bütün məhsullarımızı rahatlıqla əldə edə biləcəklər. Həmçinin “Ar Metiz”i bütün onlayn platformalarda görmək mümkün olacaq. Mobil tətbiqimizi istifadə edənlər, sifariş verənlər isə burada bonus toplamaq imkanı da əldə edəcəklər.
Əlaqə: +994 77 580 16 15
Rəylər