"IT SkillSprint" beynəlxalq təhsil proqramının nəticələri məzunların həm seçim, həm təlim, həm də gələcək karyera baxımından uğurlu olacağını göstərir".
Oxu.Az xəbər verir ki, bu fikirləri elm və təhsil nazirinin müavini Həsən Həsənli Bakıda keçirilən "IT SkillSprint" beynəlxalq təhsil proqramının bağlanış mərasimində deyib.
Nazir müavini qeyd edib ki, proqram çərçivəsində təşkil olunan karyera sərgisi məzunlarla işəgötürənlər arasında birbaşa əlaqələrin qurulmasına imkan yaradacaq və bu istiqamətdə bütün hazırlıq işləri tamamlanıb:
"Prezidentin sərəncamı ilə 2007-ci ildən xaricdə təhsil üzrə dövlət proqramı həyata keçirilir və hazırda da davam etdirilir. Hər il 500 gəncimiz dünyanın ən yaxşı universitetlərində təhsil almağa göndərilir. Həmişə belə bir arzu olub ki, xaricdə təhsil almaq üçün imkanlar olsun, lakin yerli təhsil ocaqlarında verilən təhsil yüksək səviyyədə olsun ki, buna ehtiyac qalmasın".
Onun sözlərinə görə, son illərdə təhsil sahəsində aparılan islahatlar, ikili diplom proqramları, "bootcamp"lar və yeni fakültələrin yaradılması sayəsində gənclər artıq ölkədən ayrılmadan yüksək səviyyəli təhsil ala bilirlər:
"Proqramın ən vacib tərəflərindən biri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Elm və Təhsil Nazirliyinin əməkdaşlığı çərçivəsində sənaye və işəgötürənlərlə sıx əlaqələrin qurulmasıdır.
Biz artıq nəzəri biliklərdən praktikaya, sənayenin və şirkətlərin tələblərinə uyğun bacarıqların formalaşdırılmasına keçidi görürük".
H.Həsənli bildirib ki, yaxın vaxtlarda " "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin dəstəyi ilə Azərbaycan Texniki Universitetində yaradılan Mühəndislik və Texnologiya Məktəbi də təhsil-sənaye əməkdaşlığının uğurlu nümunələrindən biridir.